Xırdalanda Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Abşeron Rayon İcra Hakimiyyətində Həştərxan vilayətinin
qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirilmişdir. Görüşdən əvvəl Abşeron RİH başçısı Abdin Fərzəliyev,
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor
Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana
gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin
ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər çiçəklər
qoyulmuşdur.

Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Moqamayevin də
xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülmüşdür.

Daha sonra iştirakçılar Xırdalan şəhərinə gələrək burada
1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olan
həmvətənlərimizin əziz xatirəsinə ucaldılan abidəni ziyarət etmiş
və xatirələrini ehtiramla yad etmişlər.

RİH binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyəv
qonaqları Xırdalan şəhərində salamlamaqdan məmnunluğunu ifadə
edərək Abşeron rayonu, onun tarixi, memarlığı, yerləşdiyi coğrafi
mövqeyi, təbii sərvətləri, turizm və iqisadi imkanları barəsində
ətraflı məlumat vermişdir. Həştərxanlı investorları Abşerona dəvət
edən Abdin Fərzəliyev onlar üçün lazimi imkanların yaradılacağını
qeyd etmiş, rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq
obyektləri və onların istehsal etdiyi məhsullar haqqında
danışmışdır.
Abşeronla Həştərxan vilayəti arasında əlaqələrin daha da
genişləndirilməsi üçün potensialın olduğunu vurğulayan RİH başçısı
rayon ərazisində yeni-yeni iş yerlərinin açıldığını və
sahibkarlığın, eləcə də investisiya mühitinin inkişaf etdirildiyini
qonaqların diqqətinə çatdırmışdır.

Öz növbəsində İqor Babuşkin göstərilən yüksək səviyyəli
qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək Abşeron rayonu
ilə Həştərxan vilayəti arasında çoxlu ortaq cəhədlərin olduğunu və
əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd etmişdir.
İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni
üfüqlərin açıldığını qeyd edən İqor Babuşkin Abşeron rayonunda
istehsal olunan məhsulların Həştərxan vilayətində, eləcə də oranın
məhsullarının Xırdalan şəhərində satış mərkəzlərinin yaradılmasının
məqsədəuyğun olduğunu bildirmişdir.

Abdin Fərzəliyevi Həştərxan vilayətində işgüzar səfərə dəvət
edən İqor Babuşkin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla
inkişaf etdiyini, ölkələrimizin səmərəli əməkdaşlıq həyata
keçirdiyi bildirmişdir.

Teqlər: