XİN İkinci Dünya müharibəsində Qələbənin 77-cı ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 1941-45-ci illər
İkinci Dünya müharibəsində Qələbənin 77-cı ildönümü ilə bağlı
bəyanat yayıb.

AzerTimes-ın məlumatına görə,
bəyanatda deyilir:

“9 may 2022-ci il tarixində 1941-45-ci illər İkinci Dünya
müharibəsində Qələbənin 77 ili tamam olur. Bu münasibətlə, bəşər
tarixinin dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə
olunmasında əvəzsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən
bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin
xatirəsini dərin hörmətlə anırıq.

Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının önəmli töhfəsi
olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları
iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub
və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123
Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,
170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla
təltif edilib. Xalqımızın qəhrəman övladları bir çox ölkələrin
faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.

Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub.
Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal
olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik
yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya
müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici
rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti
Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri
göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz
fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı
göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal
mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün
imkanlarını maksimum səfərbər edib.

Azərbaycan xalqı, 1941-45-ci illər İkinci Dünya müharibəsində
qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük
Zəfərin sevinc hissi ilə qeyd edir. Beynəlxalq sərhədləri
çərçivəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan, beynəlxalq
hüquq və ədalət uğrunda mübarizəni hər zaman dəstəkləyir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, habelə
1941-45-ci illər müharibəsində canından keçmiş bütün oğul və
qızlarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi
yaşayacaq”.

Teqlər: