Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı Şurasının
prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Baş nazir Nikol
Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanat
yayıb.
AzerTimes-ın məlumatına görə,
bəyanat deyilir: “Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl
Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam
etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrinin inkişafını müzakirə
etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı qəbul
edib.
Aİ Şurasının prezidenti Ş.Mişel Aİ-nin gərginliyin aradan
qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün
insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi
Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı
dərinləşdirməyə sadiqliyini bir daha vurğuladı.
Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son
görüşdən və 2022-ci ilin fevralında prezident Makronla
videokonfransdan sonra baş verən hadisələri nəzərdən keçirdilər.
Onlar üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi ilə
bağlı əldə olunan uğurlara nəzər salıblar. Onlar gərginliklə bağlı
son vəziyyəti müzakirə etdilər və 9/10 noyabr 2020-ci il tarixli
üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini
bir daha təsdiq etdilər. Onlar 2022-ci il martın 30-da Aİ-nin
himayəsi altında Brüsseldə Ermənistan və Azərbaycanın yüksək
səviyyəli nümayəndələrinin görüşünü alqışladılar və liderlər
səviyyəsində əldə olunmuş razılaşmaların müvafiq şəkildə
izlənilməsi üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə
razılığa gəldilər.
Prezident Ş.Mişel etimad və dinc yanaşı yaşayışı təşviq etmək
üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb.
O, yerdə qalan saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş
şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll
edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin
zəruriliyini vurğulayıb və Aİ-nin bu səyi dəstəkləməyə hazır
olduğunu bildirib. Aİ, həmçinin ekspert məsləhətləri verməyə və
maliyyə yardımını artırmağa, habelə münaqişədən zərər çəkmiş
əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam
etdirməklə, Azərbaycan və Ermənistan arasında etimadın
möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə
səylərini dəstəkləməyə davam edəcək.
Prezident Ş.Mişel həm Prezident İ.Əliyevin, həm də Baş nazir
N.Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə
irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə
bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin
hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara
alınıb.
İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib
olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına
uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının
təşkil edilməsi da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının
mandatı aşağıdakılardan ibarət olacaq:
1. Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin
delimitasiyası, və
2. sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik
vəziyyətinin təmin edilməsi.
Prezident Ş.Mişel, həmçinin vurğuladı ki, qüvvələrin müvafiq
məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının
alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident
Ş.Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha
təsdiqlədi.
Liderlər, həmçinin xüsusilə Ermənistan və Azərbaycan arasında,
eləcə də bütövlükdə Cənubi Qafqazda kommunikasiya/bağlantı
infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Ş.Mişel
dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları
alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil
yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb. Aİ
öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri
müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan
istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə
hazırdır.
Liderlər, görüşlərinin nəticələrini izləmək və qarşılıqlı
əlaqəni davam etdirmək barədə razılığa gəliblər”.