Xəzərin suyu niyə azalır?

Sosial şəbəkələrdə Xəzər dənizinin Qazaxıstan hissəsində suyun
azalmasını göstərən videolar yayılıb. Görüntülərdə dənizin 200
metrə yaxın geri çəkildiyi, torpaq qatının üstə çıxdığı müşahidə
olunur. Belə hal Xəzərin Azərbaycan hissəsində də baş verə
bilərmi?

Məsələ ilə bağlı AzerTimes-a
açıqlama verən Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit
Departamentinin müdiri Rövşən Abbasov bildirib ki, Xəzər dənizində
suyun səviyyəsinin düşməsi 1995-ci ildən mütəmadi hal alıb:

“Xəzərdə suyun ən aşağı səviyyəsi 1977-ci ildə olub. Hazırkı
vəziyyət də ona doğru gedir. Baş verənlər əsasən iki səbəbdən olur:
Xəzər dənizinə tökülən çayların suyunun azalması və qlobal
istiləşmənin nəticələri. Ümumiyyətlə qapalı hövzələrdə suyun
səviyyəsinin artıb -azalması həmişə baş verir. Dünyada elə göllər
var ki, orada vəziyyət daha pisdir. Xəzərdə suyun səviyyəsinin daha
çox düşməsinin qarşısını alan Volqa çayıdır. Belə ki, Xəzər
dənizinə suyun 80 faizi Volqa çayı ilə gəlir. Rusiya
hidroloqlarının məlumatına görə, Volqada suyun yağışlı havalarla
əlaqədar artacağı gözlənilir. Əgər belə olarsa, Xəzərdə suyun
səviyyəsi qalxacaq. Avropalı mütəxəssislər isə bildirir ki, Xəzərdə
səviyyə bir neçə metr düşə bilər”,- deyə ekspert bildirib.

R.Abbasov ümumilikdə hesab edir ki, Xəzər dənizinin suyu yaya
doğru getdikcə artacaq. Çünki Xəzərə su gətirən çayların
hövzələrində qar əriyir. Bu da çaylarda bolsululuq yaradır.

Teqlər: