Xəzər rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi (FOTO)

19 mart 2022-ci il tarixində Xəzər rayonunun Mərdəkan
qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında Novruz
bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən
Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Millət
vəkili Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq
Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər
rayonunun Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə
və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Xalqımızın qədim ənənələrini,
dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla,
həmçinin Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və
orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin,
rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət
göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə tanış
olublar.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı
Elşən Salahov ilk öncə şəhidlərimizin xatirəsini dərin ehtiramla
yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan
əsgər və zabitləri, rayon ictimayyətini Novruz bayramı münasibətilə
təbrik edib, Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini
və Azərbaycan xalqının arzularını reallaşdıraraq Ali Baş Komandanın
rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma
torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük
çoşqu ilə Novruz bayramını qeyd etdiyini vurğulayıb.

Daha sonra Millət vəkili Soltan Məmmədov və Vətən Müharibəsi
Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım Məcidova
çıxışlarında ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə
göstərilən dövlət qayğısını xüsusi vurğulayıb, xalqımıza
firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulayıblar.

Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların
iştirakı ilə Novruz atributları ilə bəzədilən Heydər Əliyev adına
istirahət parkında möhtəşəm konsert proqramı ilə davam
etdirilib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhid
ailələri və qazilərlə çay süfrəsi arxasında görüşərək, onların
problemləri ilə maraqlanıb.

Teqlər: