Ukraynadakı hadisələr BMT TŞ-də islahatların aparılmasının vacibliyini aktuallaşdırıb – Çavuşoğlu

Ukraynadakı hadisələr və dünyanın müxtəlif regionlarında baş
verən son proseslər beynəlxalq sistemdə, xüsusən də BMT
Təhlükəsizlik Şurasında tez və ciddi islahatların aparılmasının
zəruriliyini bir daha vurğuladı. Türkiyə və Yaponiya bu istiqamətdə
birgə səylər göstərməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu Antalyada yaponiyalı həmkarı ilə birgə mətbuat
konfransında deyib.

M.Çavuşoğlu Ankaranın Yaponiyanı çox mühüm tərəfdaş kimi qəbul
etdiyini vurğulayıb.

“Türkiyə və Yaponiyanın beynəlxalq platformalarda mövqeləri
yaxındır. Ölkələrimiz birgə işləyir. Bir daha demək istəyirəm ki,
Ankara Yaponiyanın 2023-2024-cü illər üçün BMT Təhlükəsizlik
Şurasına namizədliyini dəstəkləyir. Biz həmçinin Asiya-Sakit okean
regionunda vəziyyətlə bağlı fikir mübadiləsi apardıq, Rusiya və
Ukraynadakı proseslərə diqqət yetirdik. Mən yaponiyalı həmkarımı
Ukraynadakı son vəziyyətlə bağlı məlumatlandırdım və öz
qiymətləndirmələrimi bölüşdüm. Bundan əlavə, Türkiyənin vasitəçilik
səyləri və mövcud vəziyyətlə bağlı məlumat verdim”, – deyə
M.Çavuşoğlu əlavə edib.