Xarici universitetlərə qəbul üzrə imtahan suallarını satan şəxslər həbs edildi

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq
verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan
qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət
rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti
strukturu ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanmaqla istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” MMC-nin
direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların
xaricdə təhsil almasında köməklik göstərilməsi ilə məşğul olan
Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub
beynəlxalq səviyyədə fəaliyyət göstərən “College Board” özəl
təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”)
üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının
(Scholastic Aptitude Test) kommersiya sirri təşkil edən
sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul
vəsaiti müqabilində bu növ imtahanların keçirilməsinə lisenziyası
olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində
yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı
şübhələr müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi, Cahid Məmmədovun
qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı
şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris
müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və
başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində
Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə
satıb yaymasına, bununla da “College Board” təşkilatının və
cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə
müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla
həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin
effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni
mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən
edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin
Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri
olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2
(vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb
olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam,
hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin
müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində
zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan
qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961”
Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat
vermələri xahiş edilir.

Teqlər: