Ekoloji təmiz nəqliyyat vasitələrinə bir sıra güzəştlər tətbiq edilməyə başlanıb – Rasim Səttarzadə

Müasir dövrdə sənayeləşmənin və nəqliyyat vasitələrindən
istifadənin artması, xüsusilə böyük şəhərlərdə atmosfer havasının
keyfiyyətinə mənfi təsir göstərir.

Son zamanlarda ətraf mühitə dost olan qabaqcıl texnologiyaların
tətbiqi və müəssisələrin modernləşdirilməsi nəticəsində sənaye
sektorundan ətraf mühitə təsirlər əhəmiyyətli dərəcədə azalıb.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə
AzerTimes-a bildirib ki, hazırda atmosferə atılan çirkləndiricilərin
əsas mənbəyi nəqliyyat vasitələridir. Statistika göstərir ki,
ölkəmizdə istismarda olan avtomobillərin 80 faizindən çoxunun yaşı
10 ildən çoxdur, ekoloji təmiz nəqliyyat vasitələrinin faizi isə
çox azdır.

“Bütün bunları nəzərə alaraq qabaqcıl beynəlxalq təcrübəyə uyğun
ölkəmizdə də ekoloji təmiz elektrik və hibrid avtomobilləri və
onların istifadəsi üçün zəruri olan enerji doldurucularına bir sıra
maliyyə güzəştləri tətbiq edilməyə başlanıb.
Paralel olaraq, avtoparkın yenilənməsini təşviq etmək məqsədilə bu
ildən istehsal tarixindən asılı olaraq minik avtomobillərinin
idxalı zamanı differensial yanaşma tətbiq olunur”.

Bu məsələ son illərdə təsdiq edilmiş starteji sənədlərdə də öz
əksini tapır. “Azərbaycan Respublikasında yol hərəkətinin
təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”,
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
sənədində ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən
istifadənin genişləndirilməsi məsələsinə geniş yer verilib”.
“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində
yaradılmış İşçi Qrupun 2022-ci il üzrə təsdiqlənmiş “Ekoloji təmiz
nəqliyyat vasitələrinin stimullaşdırılması və təşviqi” üzrə Yol
Xəritəsinin icrasında dövlət və özəl sektor nümayəndələri
koordinasiyalı şəkildə fəaliyyət göstərir”.

Nazir müşavirinin sözlərinə görə, görülən tədbirlər nəticəsində
son illərdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında müəyyən
artım müşahidə olunsa da, hələ də nəqliyyat parkında bu cür
avtomobillər kiçik bir yer tutur.

R.Səttarzadə vurğulayıb ki, avtonəqliyyat vasitələrinin ətraf
mühitə mənfi təsirini kifayət qədər azaltmaq üçün nəqliyyat
parkının yenilənməsi prosesini sürətləndirmək və ekoloji təmiz
nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan
istifadəni genişləndirmək istiqamətində əlavə stimullaşdırıcı
tədbirlərə ehtiyac var.

Teqlər: