Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?

Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?

Xarici ticarət dövriyyəsində azalmalarla yanaşı, eyni zamanda biz qeyri-neft-qaz ixracatında azalmaları müşahidə edirik. Qeyri-neft-qaz ixracında azalma heç bir halda arzuolunan deyil.

Bu sözləri AzerTimes-a iqtisadçı, millət vəkili Vüqar Bayramov bu ilin ilk iki ayında xarici ticarət dövriyyəsinin azalmasının ölkə iqtisadiyyatına təsirləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, azalma qeyri-neft sektorunda məhsul istehsalına təsirsiz ötüşməyib:

“Nəzərə alsaq ki, Azərbaycanın bu ilin ilk iki ayında qeyri-neft məhsullarının ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq, 455 milyon dollar olub. Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. Gözlənilir ki, idxaldakı azalma növbəti aylarda kompensasiya olunacaq. Çünki ixracatda azalma birbaşa idxala tələblə bağlıdır. Ona görə o azalmanın kompensasiya olması gözlənilir. Ümumiyyətlə, idxal ölkədən valyuta apardığına görə, idxalın azalması və ya əvəzlənməsi tam məqsədəuyğundur. Çünki bu məsələ valyutanın ölkədə qalmasına gətirib çıxardır”.

Ekspert qeyd edib ki, mənfi təsirlərin azaldılması üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac var:

“Qeyri-neft ixracatının artırılması üçün birmənalı şəkildə keyfiyyət standartlarının tətbiq edilməsi, xüsusən də Ümumdünya Ticarət Təşkilatı və Avropa standartlarına uyğun yeni standartların tətbiqinə ehtiyac var. Bu sahədə stimullaşdırıcı tədbirlərin və alətlərin daha geniş istifadə edilməsi də vacibdir. Xüsusən dəyər zəncirinə uyğun olaraq, vergi güzəştlərinin tətbiq edilməsi, digər stimullaşdırıcı alətlərdən istifadə olduqca mühümdür ki, bu, nəticə etibarı ilə qeyri-neft ixracatını bütövlükdə qeyri-neft sektorunun daha çox məhsul istehsalına nail olmasını stimullaşdıra bilsin”.

Teqlər: