Xocalı soyqırımının 30 illiyi ərəfəsində işğaldan azad edilmiş
ərazilərə səfər edən xarici səyyahlar fevralın 17-də Kəlbəcər və
Laçın rayonlarında olublar.
AzerTimes xəbər verir
ki, səfər zamanı qonaqlar Birinci Qarabağ müharibəsi zamanı
Kəlbəcər tuneli qarşısında ermənilər tərəfindən qətlə yetirilən
azərbaycanlıların xatirəsini yad ediblər.
Sonra xarici səyyahlar İstisuya səyahət ediblər. Qonaqlara
İstisu haqqında məlumat verilib. Bildirilib ki, İstisu kəndinin
məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə
eyniadlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral
ehtiyatı və “İstisu” sanatoriyası ilə bütün dünyada tanınıb.
Daha sonra qonaqlar Laçın dəhlizindən keçiblər. Onlar yolboyu
ətrafda ermənilər tərəfindən dağıdılmış binalara və tikililərə
baxıblar.
Qeyd edək ki, ermənilər tərəfindən 30 ildən artıq işğal altında
saxlanılan digər ərazilərimizdə olduğu kimi, Laçın və Kəlbəcər
rayonlarında da heç bir iş görülməyib. Ermənilər bu torpaqlarda
yalnız dağıdıcı və talançı fəaliyyətlə məşğul olublar. Xarici
ölkələrdən olan səyyahlar bütün bunları öz gözləri ilə
görüblər.