Qaradağlı faciəsi ilə bağlı 12 nəfər beynəlxalq axtarışa verilib

Xəbər - Samir Əli – Trend:

Qaradağlı faciəsi ilə bağlı Respublika Hərbi Prokurorluğunda
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri
davam etdirilir.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan
Zeynalov AzerTimes-a
açıqlamasında deyib.

K.Zeynalov bildirib ki, Azərbaycan Respublikasının ərazilərində
qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı
hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri
tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və
insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin
araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət
işi üzrə Qaradağlı epizodu ilə bağlı bu günədək sülh və insanlıq
əleyhinə, habelə müharibə cinayətlərini törətmiş 12 şəxs Cinayət
Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində
cəlb edilməklə beynəlxalq axtarışa verilib. Hazırda Respublika
Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
istintaq tədbirləri davam edir.

Qeyd edək ki, erməni silahlı birləşmələri Xocavənd rayonunun
Qaradağlı kəndində yaşayan 200-dən artıq azərbaycanlı ailəsini
məcburi hərəkətlərlə didərgin salmaq məqsədilə 1988-ci ilin
fevralından başlayaraq 1992-ci il fevralın 14-dək müxtəlif
vaxtlarda yaşayış yerlərinə və həyətyanı sahələrinə mütəmadi olaraq
basqınlar edərək evlərini yandırıb qarət edib, nəticədə kəndin
azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941-ni
beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları
ilə müəyyən edilmiş əsaslar olmadan doğma yerlərindən didərgin
salıblar.

Erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın
14-17-də Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u
azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən
olan cavanlar olmaqla 67 nəfəri öldürüb, 2 nəfərə həyat üçün
təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib,
49 nəfəri girov götürüblər. Eyni zamanda, yaşayış binaları və
dövlət obyektləri qarət edilərək yandırılıb.

Teqlər: