Xarici işlər nazirinin müavini İsveçə səfər edib (FOTO)

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz
Rzayev 18-19 may 2022-ci il tarixlərində İsveç Krallığına işgüzar
səfər edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, səfər çərçivəsində
İsveç xarici işlər naziri Ann Linde, İsveç Parlamentinin spikeri
Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə
görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və İsveç arasında diplomatik
əlaqələrin qurulmasının 30-cü ildönümünün hər iki paytaxtda silsilə
tədbirlərlə birgə qeyd olunmasının önəmi vurğulanıb, ikitərəfli
əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib
və Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər haqqında
fikir mübadiləsi aparılıb.

İsveç Beynəlxalq Məsələlər İnstitutu, Stokholm Şərqi Avropa
Araşdırmaları İnstitutu (SCEEUS) və Stokholm Beynəlxalq Sülh
Araşdırmaları İnstitutunun (SİPRİ) rəhbərləri və tədqiqatçıları ilə
keçirilmiş dəyirmi masalarda əsas müzakirə mövzusu post-münaqişə
dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və bu xüsusda
beynəlxalq tərəfdaşların oynaya biləcəyi rol ətrafında olub.

Səfər çərçivəsində, Azərbaycan və İsveç arasında diplomatik
əlaqələrin qurulmasının 30 illiyi münasibəti və iki ölkənin xarici
işlər nazirlərinin müavinləri Fariz Rzayev və Maqnus Nilsonun
iştirakı ilə Stokholmun Nobel Mükafatı Muzeyində İsfar Sarabski Caz
Triosunun konserti və diplomatik qəbul keçirilib.

Teqlər: