Xaçmazda əhalinin özünüməşğulluq səviyyəsinin artırılması müzakirə edilib

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin 9 saylı Ərazi Məşğulluq filialının müdiri Cəfər Cəfərovla görüş keçirib.

AzerTimes-ın məlumatına görə, görüşdə filial tərəfindən Xaçmaz rayonu ərazisində əhalinin özünüməşğulluq səviyyəsinin artırılması və onların özünüməşğulluq proqramlarına cəlbi istiqamətində həyata keçirilən işlər və planlaşdırılan yeni layihələr müzakirə edilib.

Qeyd edilib ki, həyata keçirilən layihələrin məqsədi əhalinin məşğulluq səviyyəsini artırmaq və əmək məhsuldarlığını yüksəltməkdir.

Bildirilib ki, filial xüsusilə gənclərin məğulluq səviyyəsini artırmaq məqsədilə onların müxtəlif peşə və ixtisaslar üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində layihələr həyata keçirir.

Həmçinin qeyd olunub ki, respublika üzrə elan olunan “Məşğulluq marafonu” çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı, həmçinin onların növbədənkənar özünüməşğulluq proqramlarına cəlb olunması istiqamətində mühüm işlər görülüb və bu kateqoriyadan olan xeyli sayda insan bu xidmətlərdən faydalanıb.

Görüşdə həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər, həyata keçiriləcək layihələr haqqında ətraflı məlumatlandırılıblar.

Görüş zamanı 9 saylı Ərazi Məşğulluq filialının fəaliyyəti təqdir olunub, şəffaf işlədiyi diqqətə çatdırılıb və gələcək fəaliyyətində uğurlar arzu edilib.

Teqlər: