Vüqar Səfərlinin apellyasiya şikayəti qismən istintaqla araşdırıla bilər – Məhkəmə

Xəbər - Samir Əli – Trend:

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq
icraçı direktoru Vüqar Səfərli və onunla ittiham olunan Nadir
Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun hökmdən verdikləri
apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə
keçirilən prosesdə Vüqar Səfərlinin vəkili Hikmət Əliyev vəsatət
qaldıraraq məhkəmə baxışının qismən istintaqla keçirilməsini
istəyib.

Məhkəmə vəsatətə qarşıdakı iclaslarda baxıla biləcəyini
bildirib.

Baxış iclası martın 1-ə təyin olunub.


Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz
əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Saxlanılanlar şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4
(mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə),
193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini
leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb
olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham
elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən,
Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov
6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər
təqsirləndirilənlər – Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq
Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh
Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti
seçilməklə şərti cəza verilib.

Teqlər: