Vilyam Hacıyevin səhhəti pisləşdi, məhkəmə təxirə salındı

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq
icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi
təxirə salınıb.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilməli olan prosesdə məlum olub ki, sabiq icra başçısının
səhhətində problem yarandığından məhkəməyə gələ bilməyib.

Məhkəmə prosesi təxirə salınıb. Qeyd edək ki, İmişli Rayon İcra
Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin
sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir
hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi
karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək
üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına,
vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul
vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı
şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və
yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon
icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları
vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair
müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada
qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb
edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı
olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində
dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış
binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev
tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı
şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə
cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı
kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ
keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti,
abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni
inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən
hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı
şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli
şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət
orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi
sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif
adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar
əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət
Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf
etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni
vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz
qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq
istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə
etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni
mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq
həbs qətimkan tədbiri seçilib.

Teqlər: