Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 12 ölkədə uşaqlar arasında
mənşəyi məlum olmayan 169 kəskin hepatitə yoluxma halı aşkar
edildiyini bildirib.
Trend xəbər
verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Məlumata görə, yoluxma hallarının əksəriyyəti (114 nəfər) Böyük
Britaniyada qeydə alınıb.
Bildirilir ki, xəstələrin yaşı 1 aydan 16 yaşa qədər dəyişir.
Onların təxminən 10 faizində qaraciyər transplantasiyasına ehtiyac
duyulub. Təşkilata azı bir nəfərin adıçəkilən virusdan öldüyü
barədə məlumat daxil olub.
Qurumdan bildirilib ki, bu halların heç birində hepatit A, B, C,
E və D virusları aşkarlanmayıb. Molekulyar müayinə zamanı 74 halda
adenovirus, 18 nəfərdə F qrupunun adenovirusu (41 tip) aşkar
edilib. Test edilənlər arasında 20 nəfərdə koronavirus aşkarlanıb.
Bundan əlavə, 19 nəfərin koronavirus və adenovirusa birgə yoluxduğu
aşkarlanıb.