ÜST Şamaxıda Avropa İmmunlaşdırma Həftəsini qeyd edir (FOTO)

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə
Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Avropa İmmunlaşdırma
Həftəsi ilə əlaqədar olaraq Şamaxı rayonunun 6 kəndində
immunlaşdırma kampaniyasına start verilib.

AzerTimes xəbər verir ki, 24-30
aprel 2022-ci il tarixləri arasında Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə təşkil edilən
tədbir “Peyvənd ol, Sağlam ol, Uzun yaşa!” şüarı altında keçirilir.
Kampaniyanın məqsədi təhlükəli xəstəliklərin qarşısının alınmasında
və sağlamlığın və insan həyatının qorunmasında immunizasiyanın
əhəmiyyəti haqqında əhalini maarifləndirmək və peyvəndləmə
əhatəsini artırmaqdır.

Kampaniyanın həyata keçirilməsində Azərbaycan Tibb Universiteti,
1 və 2 saylı Bakı Tibb Kolleclərinin tələbələri və icma liderləri
iştirak edir. Kampaniya çərçivəsində əhali arasında COVID-19 və
uşaq peyvəndlərinə dair maarifləndirmə işləri, yetkin yaşlı
insanların və uşaqların vaksinasiyası, həmçinin əhalinin sağlamlıq
risklərinin qiymətləndirilməsi və uşaqların boy və çəki monitorinqi
kimi fəaliyyətlər aparılacaqdır. Tələbələr icma liderləri ilə birgə
kənd sakinlərinə baş çəkərək peyvəndləmədən kənarda qalan uşaqları,
peyvənd olunmamış yaşlı şəxsləri peyvənd olunmağa dəvət edir,
habelə ürək xəstəlikləri risk amillərinin müəyyənləşdirilməsi üçün
skrininq testindən keçməyi təklif edirlər.

Kampaniya müddəti boyunca əhaliyə COVID-19 vaksinasiyası və
rutin immunlaşdırmaya dair maarifləndirici materiallar da təqdim
ediləcək.

Aprel ayının 27-də ÜST-nin Avropa üzrə regional direktoru Dr.
Hans Klüge Azərbaycana rəsmi səfəri çərçivəsində Şamaxı rayonunu
ziyarət edərək tələbələrlə görüşəcək və həftə çərçivəsində
keçirilən tədbirlərdə iştirak edəcək.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin
immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin
Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən
Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə
Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu
layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Teqlər: