ÜST ölkələri fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcəklər

Bazar günü Cenevrədə açılacaq 75-ci Ümumdünya Səhiyyə
Assambleyasının (mayın 28-dək davam edəcək – red.) ​​iştirakçıları
pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin
fövqəladə hallara cavab verməyə hazırlığının gücləndirilməsinə
diqqət ayıracaqlar.

Trend xəbər verir ki, 2019-cu ildən bəri ilk dəfə əyani
keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik
forumunda 194 ÜST-yə üzv dövlətin nümayəndələri iştirak edəcək.

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün
dünya” olacaq. Nümayəndələr qlobal səhiyyəni fövqəladə hallara
cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-yoluxucu xəstəliklərin
qarşısının alınması üzrə 2023-2030-cu illər üçün yol xəritəsini,
epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını,
vərəm və poliomielitlə mübarizəni, qida məhsullarının
təhlükəsizliyi sahəsində strategiyanı və davamlı maliyyələşdirmə
məsələsini müzakirə edəcəklər.

Assambleya ÜST-nin Baş Direktorunu beş illik səlahiyyət
müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar
sessiyasında bu vəzifəyə ÜST-nin hazırkı rəhbəri Tedros Adhanom
Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.

Teqlər: