Uşaqlarda ürəyin qəfil dayanmasına səbəb nədir?

Ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar,
ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları
uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər.
Bunu
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elnur Həsənov
deyib.


Trend
Elnur Həsənov ilə müsahibəni təqdim edir.

– Elnur müəllim, uşaqların ürək qüsurlu doğulmasında genetika və
valideynlərin pis vərdişləri nə qədər rol oynayır?

– Anadangəlmə ürək qüsuru olan ananın ürək qüsurlu uşaq dünyaya
gətirməsi ehtimalı 50 faizin üzərindədir. Bu, anada artıq olan
qüsurlu genlərin bir araya gəlməsi və dölün inkişafı zamanı bir
sıra faktorların təsiri nəticəsində olur. Anadangəlmə ürək
qüsurlarının yaranmasına həm genetik faktorlar, həm də hamiləlik
dövründə bəzi anaların pis vərdişləri səbəb ola bilər. Ürək damar
sisteminin formalaşmasında embriogenezin ilk 8 həftəsi önəmli
əhəmiyyət kəsb edir.

Bundan əlavə, valideynlərdə və ya qohumlarda anadangəlmə ürək
xəstəliyinin olması, yaxın qohum evlilikləri, anada şəkərli diabet,
hamiləlik dövründə spirtli içki və siqaret istifadəsi, ananın
radiasiyaya məruz qalması körpədə bir sıra ürək qüsurlarının
yaranmasına səbəb olur.

– Uşaqlarda ürəyin qəfil dayanması halları nədən yaranır?

– Ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar,
ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları
uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər.
Kliniki olaraq qarşılaşdığımız halların çox hissəsini anadangəlmə
ürək qüsurları əhatə edir. Bunlara ani ürək dayanmasına səbəb olan
hallar, ürəyi qidalandıran tac damarlarda anadangəlmə anomaliyalar,
aorta qapağın ciddi darlığı və mitral qapaq taylarının ciddi
prolapsı aiddir.

– Anadangəlmə ürək qüsurları olan uşaqlarda neçə yaşında ürək
əməliyyatları həyata keçirilir?

– Anadangəlmə ürək qüsurları çox geniş diapozonu əhatə edir, ağ
və göy qüsurlar olaraq təsnif olunur. Bu qüsurlar arasında erkən
yaşda müdaxilə tələb edən qüsurlar göy qüsurlar qrupunda təsnif
olunan xəstəliklərdi (Fallo tetradası, trikuspid qapaq atreziyası,
böyük damarların transpozisiyası və ya yerdəyişməsi). Cərrahi
yanaşma xəstənin vəziyyətindən və qüsurun ağırlığından asılı olaraq
dəyişir. Göy qüsurlar çox hallarda həyatın ilk aylarında cərrahi
müdaxilə tələb edir. Ağ qüsurlar isə qulaqcıqarası çəpərin qüsuru,
mədəcik arası çəpər qüsuru və digərləri qüsurun simptomatikasından
asılı olaraq müxtəlif vaxlarda əməliyyat tələb edir.

– Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası necə
aparılır?

– Anadangəlmə ürək qüsurlarının müalicəsi kompleks şəkildə
aparılır. Bura medikamentoz müalicə, bəzi hallarda intervension
müdaxilə (X-ray endovaskulyar üsul, yəni təsirlənmiş orqana
daxilolmalar damarlar vasitəsilə həyata keçirilir), çox hallarda
isə cərrahi müdaxilə aiddir.
Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı
üçün kritik önəm kəsb edir. Uşaq doğulduğu anda göyərmə, tənəffüs
pozğunluqları, xüsusilə də oksigen saturasiyasının ölçülməsi və bu
göstəricinin aşağı olanda ürək qüsurundan şübhələnmək olar.

Uşaq ilk günlərindən daha çox ana ilə təmasda olur. Ona görə də
anada körpənin ürək qüsurlu olması ilə bağlı bəzi şübhələr yarana
bilər. Buraya uşağın zəif qidalanması və sakit vəziyyətdə
göyərməsi, tənəffüs pozğunluqları, çəki artmaması, gecə tərləmələri
aiddir.

– Hansı idman növləri anadangəlmə ürək qüsurlu uşaqlar üçün
tövsiyə olunmur?

– Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar bir çox hallarda
cərrahi müdaxilə olunmazsa, yaşıdlarından inkişaf bərasində geri
qalır. Nəticədə fiziki güc tələb edən oyunlar və idman növləri ilə
məşğul olmaları məsləhət görülmür.

Teqlər: