Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası

XX əsrin sonlarında Sovet İttifaqının süquta uğraması və müasir
dünya düzəninin formalaşmağa, beynəlxalq arenada yeni
münasibətlərin təşəkkül tapmağa başladığı bir dövrdə Azərbaycan öz
tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoydu. Ciddi
təbəddülatlar və təlatümlər burulğanında təkbaşına mübarizə aparmaq
məcburiyyətində qalmış xalqımız ağır sınaqları arxada qoyaraq aydın
gələcəyə doğru inamla addımlamağı bacardı. Baş verənlərə 30 il
sonra yaranmış reallıqlar prizmasından nəzər saldıqda Azərbaycanı
ağır böhrandan sabit və etibarlı bir dövlət kimi çıxaran geosiyasi,
sosial, iqtisadi, hərbi amillərin uzun bir siyahısını tərtib etmək
mümkündür. Lakin, heç şübhəsiz, Azərbaycanın bugünkü inkişaf
mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici
məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin
mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli
mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran
siyasi liderin mövcudluğu olub. 1990-cı illərin son dərəcə ağır,
bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir
Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi
ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında
xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz
buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır.

Ötən əsrin sonlarında dünyanın müxtəlif nöqtələrində böyük
güclərin həyata keçirdiyi siyasi, sosial-iqtisadi və bəzi hallarda
hərbi eksperimentlər bir çox xalqların taleyini və tarixini
dəyişdi. Bu proses indi də davam edir. Yəqin ki, böyük dövlətlərin
iqtisadi və siyasi maraqları durduqca, bu prosesin xarakterini və
məzmununu dəyişmək mümkün olmayacaq. Buna görə də qlobal liderlik
uğrunda gedən mübarizənin mümkün nəticələrini proqnozlaşdıraraq öz
dövlətinin beynəlxalq münasibətlər zəncirinin təhlükəsiz, eyni
zamanda, təsirli həlqələrindən birinə çevrilməsini təmin etmək ulu
öndər Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixində
müstəsna xidmətidir.

Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri
onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin
zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən
proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı
dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan
üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu
nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış
bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu.
Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər
sisteminin institusional əsaslarının sarsıldığını görməyə,
beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə
götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini
dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc
mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa
imkan verdi.

SSRİ-nin dağılmasından sonra yaranan dövlətlərdən Azərbaycanı
fərqləndirən yalnız özünəməxsus tarixi ənənələri, keçmişi deyil,
həm də qarşılaşdığı çağırışların, üzləşdiyi problemlərin mürəkkəb
xarakteri oldu. Azərbaycanı tarixin bəlkə də ən həlledici
mərhələsində ağır böhrandan qurtaran Ümummilli Liderin bünövrədən
qurmağa başladığı müstəqil Azərbaycan postsovet məkanında münaqişə
və müharibələrin adi həyat normasına çevrildiyi, qeyri-müəyyənliyin
ictimai təfəkkürdə reallıq kimi qəbul olunduğu, keçmişlə bütün
bağların qopduğu, gələcəyə aparan körpülərin hələ qurulmadığı bir
dövrdə dünyanın siyasi səhnəsinə inamla çıxdı.

1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən
siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli
dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə bir sıra
vacib komponentləri birləşdirirdi:

– müstəqilliyin təmin edilməsi və müstəqil siyasətin həyata
keçirilməsi;

– ictimai-siyasi sabitlik;

– iqtisadi inkişaf və güclü iqtisadiyyat;

– islahatlar və müasir cəmiyyət quruculuğu;

– müasir və güclü ordu quruculuğu;

– suverenlik, ərazi bütövlüyünün bərpası;

– beynəlxalq münasibətlər sisteminə inteqrasiya;

– azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və
həmrəylik;

– milli ənənələrə və tarixi köklərə bağlılıq.

Bu mürəkkəb, taleyüklü məsələlərin həlli üçün təqdim olunan
inkişaf strategiyası, ilk növbədə, digər güclərin iradəsindən asılı
olmayan və yalnız milli maraqları rəhbər tutan müstəqil siyasətin
həyata keçirilməsini, ölkədə separatçılıq və mərkəzdənqaçma
meyillərinin qarşısının alınmasını və sabitliyin, təhlükəsizlik
mühitinin bərqərar edilməsini, institusional islahatların həyata
keçirilməsi yolu ilə müasir dövlət idarəçiliyinin və mütərəqqi
ictimai münasibətlərin formalaşdırılmasını, beynəlxalq aləmlə
bərabərhüquqlu və etibarlı əlaqələrin qurulmasını, mühüm enerji
layihələrinin reallaşdırılması və iqtisadi inkişaf üçün zəruri
resursların əldə edilməsini, cəmiyyətin müxtəlif sosial təbəqələri
arasında azərbaycançılıq ideologiyasına əsaslanan sıx birliyin
təminatını və son nəticədə ölkənin ərazi bütövlüyünün bərpa
olunmasını nəzərdə tuturdu. Ulu Öndərin milli ideyaya, milli-mənəvi
dəyərlərə dərin bağlılığı, irəli sürdüyü təşəbbüslərin, ideya və
təkliflərin, xarici siyasətdə çevik, bir çox hallarda heç də
hamının dərhal anlaya bilmədiyi uzaqgörən addımlarının ölkənin
milli maraqlarına xidmət etməsinə olan sarsılmaz ictimai etimad
Azərbaycanın qurtuluşunun siyasi-fəlsəfi mahiyyətini təşkil edən
mühüm amildir.

Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən
silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən
yalnız Heydər Əliyevin qurtara biləcəyini təkcə onun tərəfdarları
deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi
həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi
xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin
titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi
mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına
transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar
edildi.

Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun
ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim
etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi
böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və
qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb
arasında körpü funksiyasını bərpa edə bildi. 1990-cı illərdə bir
çoxları dünyanın iki fərqli sivilizasiyasını qovuşduran bütün
körpülərin yandırılacağını, planetin coğrafiyasından silinəcəyini
güman edirdilər. Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin
imzalanması və sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi
qlobal əhəmiyyət kəsb edən enerji layihələrinin həyata vəsiqə
qazanması ilə bu gümanlar yox oldu. Bu, əlbəttə, Heydər Əliyev
siyasi dühasının nəinki Azərbaycan və Cənubi Qafqazın, eyni
zamanda, bu gün – XXI əsrdə 30 il öncəkindən daha böyük aktuallıq
kəsb edən Avropanın təhlükəsizliyinə tarixi töhfəsi kimi
qiymətləndirilir.

1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan
sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların
reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem
formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin
edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində
mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi
nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və
maddi resursları təmin olundu. Təkcə onu qeyd etmək kifayətdir ki,
Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda həyata
keçirilən iqtisadi islahatlar nəticəsində ümumi daxili məhsul 71
faiz artdı. 1993-2002-ci illər ərzində Azərbaycanda istehsal və
qeyri-istehsal sahələrinin inkişafına 8,2 milyard manat sərmayə
cəlb edildi. Sürətlə artan inflyasiyanın dayandırılması, xarici
ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi, ticarət
dövriyyəsinin 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard
ABŞ dollarına çatması ölkədə davamlı inkişafa imkan yaradan yeni
iqtisadi münasibətlər sisteminin qurulmasının nəticəsi idi.
Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində
Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm
parametrlərindən biri – güclü milli iqtisadiyyatın qurulması
istiqamətində ciddi uğurlar əldə edildi. 2001-ci il noyabrın 9-da
Dünya Azərbaycanlılarının l Qurultayında müstəqil dövlətimizin
keçdiyi onillik inkişaf yolu haqqında danışan Ulu Öndər deyirdi:
“Azərbaycanın biz bir çox ağır və çətin məsələlərini həll etdik və
qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük
təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü
iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək
mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və
firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol,
qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi
siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən
biri olacaqdır”.

Ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər
kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf
strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi. Çünki
qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud siyasi kurs davam
etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub
saxlanılmalıydı. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bir
çox hallarda uğurla inkişaf edən ölkələr məhz mövcud siyasi kursun
dəyişdirilməsi nəticəsində tarixi nailiyyətləri əldən vermişdilər.
Milli inkişaf xətti ilə ardıcıl və dinamik surətdə irəliləyən
Azərbaycanın qarşısında isə güclü dövlət quruculuğunun tamamlanması
və keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi
bütövlüyünün bərpa olunması kimi mürəkkəb məsələlər dayanırdı.

Cənab İlham Əliyevin xalqın böyük etimadını və dəstəyini
qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi 2003-cü
ildən sonrakı dövrdə ölkəmizlə bağlı öz mənafelərinə uyğun planlar
quran bəzi daxili və xarici qüvvələrin ssenarilərinin üstündən xətt
çəkdi. Məhz siyasi-ideoloji varislik Prezident İlham Əliyevə Ulu
Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni
reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadi
və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə
gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla
zənginləşdirməyə, müstəqil, düşünülmüş və prinsipial siyasət
yürütməyə imkan yaratdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi
strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək
nailiyyətlərə imza atdı. Konkret proqramlar əsasında həyata
keçirilmiş genişmiqyaslı quruculuq işləri paytaxt Bakının və
bölgələrin simasını tamamilə yeniləşdirdi, regionlarla mərkəz
arasında fərq kəskin şəkildə azaldı, ölkədə bütün sahələri əhatə
edən nəhəng infrastruktur layihələri reallaşdırıldı. Azərbaycanın
enerji təhlükəsizliyi təmin edildi, dövlətimizin başçısı tərəfindən
ərzaq təhlükəsizliyi məsələsinin həlli prioritet vəzifələrdən biri
kimi müəyyənləşdirildi, bu istiqamətdə ardıcıl və məqsədyönlü
tədbirlərin reallaşdırılmasına başlandı.

2013-cü ildən etibarən öz süni peyklərini orbitə çıxarmağa
başlayan Azərbaycan dünyanın kosmik klubunun azsaylı üzvlərindən
birinə çevrildi. 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi, neft
hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib
olunmuş Sazişin imzalanması, bu neft yataqlarının işlənilməsinin
2050-ci ilə qədər uzadılması, “Cənub Qaz Dəhlizi” layihəsinin və
onun TANAP, TAP kimi seqmentlərinin reallaşdırılması “Əsrin
müqaviləsi”ndən sonra Azərbaycanın neft strategiyasının yeni
uğurları olmaqla yanaşı, həm də ölkəmizin dünya enerji bazarında
rolunu xeyli dərəcədə artırdı və Avrasiyanın enerji xəritəsini
dəyişdirdi.

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65
faizdən çoxu məhz Azərbaycanın payına düşür. 2003-cü illə
müqayisədə Azərbaycan iqtisadiyyatında 3 dəfədən çox artım qeydə
alınıb. 2003-2021-ci illər ərzində Azərbaycanda sənaye istehsalı
2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4
dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta
ehtiyatları 27 dəfədən çox artıb. 2003-cü ildə 1,8 milyard dollar
valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu göstəricini
53 milyard dollara çatdırıb ki, bu da birbaşa xarici dövlət borcunu
7,4 dəfə üstələyir. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib.
Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə
yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Azərbaycanın mühüm coğrafi mövqeyi, strateji əhəmiyyət kəsb edən
nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun inkişaf
etdirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının, müasir hava limanlarının
tikilib istifadəyə verilməsi, ölkə və yerli əhəmiyyətli avtomobil
yollarının yenidən qurulması Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb
nəqliyyat dəhlizlərinin fəal iştirakçısına və regionun
nəqliyyat-kommunikasiya habına çevrilməsinə şərait yaratdı.
Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat
infrastrukturuna böyük maraq göstərir.

Sürətlə və dinamik inkişaf edən Azərbaycan milli maraqlara
əsaslanan müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə mövqelərini
daha da gücləndirməyə nail olub. Ölkəmiz çoxsaylı beynəlxalq
tədbirlərə ev sahibliyi etməklə sivilizasiyalararası və
mədəniyyətlərarası dialoqa, qlobal siyasi, iqtisadi, humanitar
məsələlərin həllinə öz layiqli töhfələrini verir. 2012-ci ildə 155
ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən, bu gün
Qoşulmama Hərəkatı kimi böyük təşkilata sədrlik edən, Avropa
İttifaqı ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirən, bir çox
nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinə
malik, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatlarında fəallığı
ilə diqqəti cəlb edən, region ölkələri ilə mehriban qonşuluq,
dostluq və səmərəli əməkdaşlıq prinsipləri əsasında əlaqələr qurmuş
Azərbaycan beynəlxalq arenada böyük nüfuz sahibi, etibarlı
tərəfdaş, mühüm məsələlərin həllində öz prinsipial mövqeyini ortaya
qoyan və söz sahibi olan ölkə kimi tanınır.

Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması,
dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni məzmunla
zənginləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin
formalaşdırılması, milli həmrəyliyin sosial və ideoloji
aspektlərinə praqmatik baxışın yaratdığı yeni milli birlik modeli
və nəhayət ölkənin hərbi potensialının gücləndirilməsinə yönəlmiş
ardıcıl, məqsədyönlü tədbirlər bir hədəfə – Ermənistanın işğalçılıq
siyasətinə son qoyulmasına və ölkəmizin ərazi bütövlüyünün bərpa
edilməsinə istiqamətlənmişdi. Prezident İlham Əliyevin Dünya
Azərbaycanlılarının V Qurultayındakı çıxışında qeyd etdiyi kimi,
“bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız
addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü
görmək amalı dururdu”.

Hələ 1999-cu ilin noyabrında Azərbaycan yazıçıları və ziyalıları
ilə görüşündə ulu öndər Heydər Əliyev deyirdi: “1923-cü ildə Dağlıq
Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub.
Düzdür, o vaxtı buranı Ermənistana vermək istəyiblər və
Azərbaycanın rəhbərləri çalışıblar və nail olublar ki, qalsın
Azərbaycanda. Qalmalıydı, amma muxtariyyət yox. 1923-cü ildə
verilmiş muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bomba idi, nə
vaxtsa partlamalıydı”. Faktlar aydın göstərir ki, erməni
millətçiləri tarixin bütün mərhələlərində xalqımıza qarşı
iddialarla çıxış ediblər və son 200 ildə Azərbaycanın əraziləri
hesabına öz dövlətlərini qurmaq, sonrakı mərhələdə isə onu daha da
genişləndirmək üçün ardıcıl planlar həyata keçirməyə can atıblar.
Azərbaycan SSR-ə 14 illik rəhbərliyi dövründə Heydər Əliyevin
nüfuzu və siyasi uzaqgörənliyi bu məkrli planların qarşısına sipər
çəkirdi. Ümummilli Lider deyirdi: “Mən Azərbaycandan gedəndən
sonra, təəssüf ki, 1988-ci ildə olan hadisələri başladılar.
Xırda-xırda Dağlıq Qarabağa nəzarəti azaltdılar, onlar da gəldi
bunu elədi”. 1987-ci ildə Ulu Öndər SSRİ rəhbərliyi tərəfindən
vəzifəsindən riyakarcasına uzaqlaşdırıldıqdan sonra Ermənistan və
dünya erməniliyi öz çirkin niyyətlərini reallaşdırmaq üçün tarixi
fürsət əldə etdilər. Üstəlik, 1990-cı ilin əvvəllərində
Azərbaycanda AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, xəyanəti,
ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq bu planların daha
asanlıqla həyata keçməsinə əlverişli şərait yaratdı. Lakin həmin
dövrdə bu planın müəllifləri güman etmirdilər ki, Heydər Əliyev
yenidən Azərbaycana qayıdacaq, dövlətimizi və xalqımızı məhv
olmaqdan xilas edəcək, Ermənistana işğalın nəticələrini
rəsmiləşdirməyə imkan verilməyəcək. Cəmi on ilə Azərbaycan yenidən
ayağa qalxacaq, inkişaf edəcək və sonda öz qəti sözünü deyəcək.
Buna görə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış
tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin
müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək
müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük
təntənəsi oldu.

“Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin
gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin
möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada
getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu
yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan
qurmaq, torpaqlarımızı işğaldan azad etmək!”. Azərbaycan
Prezidentinin 17 illik mübarizəsinin, əzminin, siyasi iradə və
qətiyyətinin bütün fəlsəfəsi xalqa ünvanladığı müraciətlərdən
birində yer almış bu cümlələrdə öz əksini tapıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi
möhtəşəm Zəfər Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyətə malik,
eyni zamanda, bütün regionda yeni reallıqlar yaradan mühüm tarixi
hadisədir. Bu, xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas
edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin
güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və Prezident
İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın
taleyüklü, şanlı bir mərhələsidir. 2020-ci il noyabrın 8-də
Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini
çatdıran Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi:
“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim,
xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Prezident
İlham Əliyevin bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə
yanaşı, həm də Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə
davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir
inkişaf strategiyasının təntənəsi kimi anlaşılmalıdır.

“Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur”
deyən ulu öndər Heydər Əliyevin qurduğu müasir milli dövlətimiz
indi özünün yeni inkişaf mərhələsini yaşayır. Mürəkkəb və
ziddiyyətli geosiyasi proseslərin sürətlə cərəyan etdiyi,
qarşıdurmaların və münaqişələrin kəskinləşdiyi dünyada indi ölkəmiz
üstün mövqeyə, qalib dövlət nüfuzuna sahibdir. Öz iqtisadi
qüdrətinə arxalanan Azərbaycan işğaldan azad olunmuş ərazilərdə
bərpa-quruculuq işlərini uğurla davam etdirir. Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa başda olmaqla, bütün ərazilərimiz
mədəni-tarixi irsimiz qorunmaqla, müasir infrastruktur yaradılmaqla
tezliklə regionumuz cənnət guşələrindən birinə çevriləcək və
dayanıqlı məskunlaşma təmin ediləcək. Həyata keçirilən layihələr bu
əraziləri yaxın müddətdə sülh və əməkdaşlıq bölgəsi kimi dünyaya
tanıtdıracaq.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli
dövlətçilik ideyası özündə real müstəqillik, suverenlik,
milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib
prinsipləri üzvi şəkildə birləşdirdi. Ulu Öndərin qurduğu və
azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz
cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji
bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini
qoruyan, müdafiə və ümumi məqsəd uğrunda səfərbər edən qürur
mənbəyimizdir. Buna görə də əminliklə demək olar ki, hər bir
dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı,
həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən
müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə
edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən
qiymətli sərvətlərimizdən biridir.

Ulu öndər Heydər Əliyev demişdi: “Biz bu çətin günləri keçib
gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz
layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu
müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan
edəcəkdir”. Bu gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla
dalğalanan milli bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz,
suverenliyimiz, dünya xalqları arasında öz layiqli yerimizi tutmaq
naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və
məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında
sıx birləşərək müstəqil dövlətimizi qorumaq, yaşatmaq və daha da
inkişaf etdirmək bizim ən əsas vəzifəmizdir.

Samir Nuriyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
rəhbəri

Teqlər: