Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib (FOTO)

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali
təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr
olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Mclisin deputatı Səttar
Möhbalıyev, təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil
müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak
ediblər.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki,
festivalı keçirməkdə əsas məqsədimiz gənclərimizə milli
vətənpərvərlik ruhu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə,
milli adət-ənənəlrimizə hörmət etməklə gənclərimizin bədii-estetik
səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması
işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı
sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların
qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir:
“Sevindirici haldır ki, son illərdə festivalda iştirak edənlərin
sayı artır. Bu da onu deməyə əsas verir ki, biz bu işdə kütləviliyə
nail olmuşuq. Festivalın keçirilməsi və qaliblərin müəyyən edilməsi
Azərbaycanın xalq artistləri, əməkdar mədəniyyət və incəsənət
xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən həyata
keçirilib”.

S.Möhbalıyev qeyd edib ki, bu gün Azərbaycan mədəniyyəti davamlı
inkişaf yolu keçir və bütün dünyaya təbliğ olunur: “Bu inkişafın
təməlində Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. O,
mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı, mədəni irsimizin
qorunub saxlanmasına və təbliğinə də diqqətlə yanaşırdı. Məhz onun
diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti
davamlı inkişaf yolu keçib. Bu gün biz qürur hissi ilə bildiririk
ki, Ulu Öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları
onun müzəffər davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə
olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər
əldə edib və özünün yeni dövrünü yaşayır. Son illərdə mədəniyyət
xadimlərimiz həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində
keçirilən mühüm tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər.
Cənab Prezidentimiz vaxtaşırı olaraq mədəniyyət xadimləri ilə
görüşür, mədəniyyət sahəsində çalışan insanların sosial təminatının
yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayır”.

“Heydər Əliyevin mədəniyyət sahəsindəki siyasətinin reallaşması
işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafına,
Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi
dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca
əhəmiyyətlidir”, – AHİK sədri deyib.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin reallığa
çevrilmiş arzulardan biri də onun Azərbaycan gəncləri ilə bağlı
arzularıdır: “Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu
gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv
fəaliyyəti ilə seçilir. İstər siyasi, iqtisadi, istər humanitar,
istərsə də sosial tədbirlərin həyata keçirilməsində gənclərimiz
mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı
geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə
çevrilib”.

Çıxışının sonunda Konfederasiya sədri əlavə edib ki, 1995-ci
ildən başlayaraq ATİAHİ Respublika Komitəsi hər semestr 65 nəfərdən
artıq əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbəyə adlı təqaüd
verir, hər il 220 nəfərdən artıq aztəninatlı ailələrdən olan
tələbələrə pulsuz nahar yeməyi verilməsini öz vəsaiti hesabına
təşkil edir: “Hər il minlərlə tələbənin sosial müdafiəsinə
yardımlar edilir. Həmkarlar ittifaqları olaraq biz çalışırıq ki,
gənclərə dəstək olaq, onların sağlam böyüməsi və ölkəmizin layiqli
vətəndaşı kimi formalaşmasına kömək edək. Bu tədbirləri təşkil
etməklə biz həm də Azərbaycanda gənclər siyasətinə də öz
dəstəyimizi nümayiş etdiririk”.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ulu Öndər
Heydər Əliyevin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi
diqqət və qayğı nəticəsində xaricdə təhsil alan gənclərin dövlət
qurumlarında yüksək mövqelər tutduğunu, Ümummilli Liderin
ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda
olan torpaqlarımızın azad edildiyini xüsusi olaraq qeyd edib.
F.Qurbanov tələbələrə təhsillərində, gələcək işlərində uğurlar
diləyərək, bütün iştirakçıları təbrik edib.

Konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında
müxtəlif musiqi və rəqs nümunələri, şerlər səsləndirilib.

Qeyd edək ki, müsabiqə-festivalda respublikada fəaliyyət
göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil
müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan
tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək
və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni,
rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və
ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental,
simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir,
bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi
alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak
edib. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika
üzrə 28 ali təhsil müəssisəsi qatılıb.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Teqlər: