Ukrayna hərbi əməliyyatlara ayda 10 milyard dollar xərcləyib

Ukraynanın hərbi əməliyyatlara aylıq xərcləri təxminən 10
milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə şənbə günü Ukrayna Prezidenti
Vladimir Zelenskinin ofisi onun sədrliyi ilə iqtisadiyyatın
inkişafı məsələlərinə həsr olunmuş müşavirənin yekunlarına əsasən
məlumat yayıb.

“Maliyyə Nazirliyinin hesablamalarına görə, Ukrayna dövləti
hərbi əməliyyatlara ayda təxminən 10 milyard dollar sərf edir”, –
Ukrayna Prezidenti ofisinin məlumatında belə deyilir.

Qeyd olunur ki, müşavirədə xərclərin maliyyə mənbələri, o
cümlədən dövlətin özünün vergi gəlirləri və tərəfdaşlardan daxil
olan yardımlar müzakirə edilib. Həmçinin Ukrayna iqtisadiyyatının
vəziyyəti və onun yaxın gələcəkdə inkişaf perspektivləri nəzərdən
keçirilib.

Vladimir Zelenskinin yanında keçirilən görüşün iştirakçıları
ölkədə əkin kampaniyasının keçirilməsini, aqrar sahə işçilərinin
yanacaqla təminatı məsələlərini də müzakirə ediblər.