Türkmənistan prezidenti gənc liderlərə yol vermək niyyətində olduğunu bildirib

Fevralın 11-də Türkmənistan Milli Qenqeşinin yuxarı palatası
olan Xalq Məsləkətinin iclası keçirilib. İclasa ölkə prezidenti,
yuxarı palatanın sədri Qurbanqulu Berdiməhəmmədov sədrlik edib.

Trend Türkmənistan dövlət informasiya agentliyinə istinadən
xəbər verir ki, iclasda hökumət üzvləri, parlamentin deputatları,
nazirlik və idarələrin, siyasi partiya və ictimai təşkilatların
rəhbərləri, ətrap (rayon), şəhər və vilayətlərin rəhbərləri iştirak
ediblər.

Toplantının birinci yarısında Türkmənistan Nazirlər Kabinetinin
geniş tərkibdə iclası keçirilib. Hökumətin ötən ildəki işinin
yekunları müzakirə olunmuş, Nazirlər Kabineti sədrinin
müavinlərinin hesabatları dinlənilmiş, onların gördüyü işlərə
qiymət verilmiş və cari dövrdə ölkənin sosial-iqtisadi inkişafının
qarşıda duran vəzifələr vurğulanmışdır.

Sonra Xalq Məsləkətinin işində fasilə elan edilmiş, bayram
sədəqəsi verilmişdir. Bundan sonra iclas davam edib. Toplantının
ikinci yarısında 2022-2052-ci illər üçün dövlətin sosial-iqtisadi
inkişafı Milli Proqramı qəbul edilib.

Türkmənistan lideri çıxışında milli iqtisadiyyatın innovativ
yanaşma əsasında şaxələndirilməsinə yönəlmiş islahatların gələcəkdə
də davam etdiriləcəyini qeyd edib.

O, vurğulayıb ki, iki il əvvəl o, peyğəmbər yaşına çatıb və bu
gün gəldiyi çətin qərarı müzakirə etmək istəyir.

“Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyində
yolu mənəvi mühitdə və dövrümüzün yüksək tələblərinə uyğun tərbiyə
almış gənc liderlərə verilməsi fikrini dəstəkləyirəm. Mən Xalq
Məsləkətinin sədri kimi böyük həyat və siyasi təcrübəmi bundan
sonra da bu sahəyə yönəltmək niyyətindəyəm”, – Q. Berdıməhəmmədov
bildirib.

Dövlət başçısı bundan sonra da sevimli Vətəninin, mərd xalqının,
nəsillərin firavan həyatı, ulu taleyi naminə səylərini
əsirgəməyəcəyini qeyd edib.

Teqlər: