Türkiyəli deputatlar Milli Məclisdə olublar (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Fevralın 28-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə
Böyük Milli Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri
Şamil Ayrım və TBMM-in Aqrar komissiyasının sədri Yunus Kılıç ilə
görüşüb.

Parlamentdən AzerTimes-a verilən məlumata görə, spiker qardaş ölkə
parlamentinin üzvlərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək
səviyyədə olduğunu bildirib. O, əsası Ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş iki ölkənin dostluq və qardaşlıq
münasibətlərinin dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib
Ərdoğan tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan və
Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu
diqqətə çatdırıb. O, bu əlaqələrin gələcəkdə də bütün sahələrdə
inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

İki qardaş ölkənin parlamentlərarası münasibətlərindən danışan
Sahibə Qafarova Azərbaycanın Milli Məclisi ilə Türkiyə Böyük Millət
Məclisi arasında əlaqələrin də dövlətlərimiz arasında əlaqələrin
ruhuna uyğun olaraq, yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
O, həm qanunverici orqanlarımız həm də deputatlar arasında sıx
münasibətlərin olduğunu, deputatlarımızın bütün məsələlərdə
bir-birinə qarşılıqlı dəstək verdiklərini vurğulayıb. Qeyd edib ki,
hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən geniştərkibli
dostluq qruplarının işi təqdirəlayiqdir. Qarşılıqlı təmasların
intensivləşməsi münasibətlərin daha da dərinləşdirilməsinə öz
töhfəsini verir.

Milli Məclisin sədri deputatlarımızın beynəlxalq təşkilatlarda
da sıx əməkdaşlığından məmnunluğunu bildirib, gələcəkdə bu
əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

S.Qafarova bu günlərdə Ermənistan tərəfindən azərbaycanlılara
qarşı törədilən Xocalı soyqırımının 30-cu ildömünün tamam olduğunu,
bu soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə
müxtəlif tədbirlər həyata keçirildiyini, Azərbaycan Prezidenti
cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım
Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirildiyini xatırladıb. O
deyib ki, bu yürüş və keçirilən digər tədbirlər bir daha göstərir
ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və
unutmayacaq. Bu gün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının
xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Spiker, bu
soyqrımının dünya miqyasında tanıdılmasında qardaş ölkə
parlamentarilərinin və diaspor təşkilatlarının da rolunu
minnətdarlıqla qeyd edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimiz
arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini,
bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edib. O,
ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcəyinin daha da
parlaq olacağına inamını ifadə edib. Ş.Ayrım parlamentlərimiz
arasında əlaqələrin də daim inkişaf etdiyini qeyd edərək, dostluq
qruplarının uğurlu fəaliyyətinin bu münasibətlərə özünəməxsus töfhə
verdiyini qeyd edib.

Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün
bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu deyən Şamil
Ayrım qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə
olaraq, bu faciənin dünya ölkələri tərəfindən soyqırımı kimi qəbul
edilməsi və bu qətliama beynəlxalq səviyyədə lazımi hüquqi qiymətin
verilməsi istiqamətində birgə fəaliyyət göstərir. Bununla bağlı
Türkiyədə də tədbirlər, yürüşlər keçirilir. O, əminliyini ifadə
edib ki, Xocalı soyqırımının beynəlxalq arenada, dünya
parlamentlərində qəbul edilməsi ilə bağlı aparılan işlər müsbət
nəticə verəcək.

Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri və
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Əhliman Əmiraslanov, TBMM-in Aqrar komissiyasının sədri
Yunus Kılıç Milli Məclis və Türkiyə Böyük Millət Məclisi arasında
əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, qanunyaradıcılığı
işində də parlamentlərimizin müvafiq komitə və komissiyaları
arasında təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini
vurğulayıblar.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında
müzakirələr aparılıb.

Teqlər: