Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır – Vüqar Rəhimzadə

İki ildən artıqdır ki, dünya koronavirus infeksiyasına qarşı
mübarizə tədbirlərini gücləndirməklə bu bəlanın sona çatmasını
səbirsizliklə gözləyir. Bəlkə də ilk vaxtlar bu mübarizə tədbirləri
dünyanın əksər dövlətləri üçün möcüzə kimi görünürdü. Çünki həmin
dövrə diqqət yetirsək, hətta inkişaf etmiş dövlətlərin belə
qapanmaya üstünlük verdiklərini, mübarizə tədbirləri barədə
düşünmək istəmədiklərini görərik. Qlobal mübarizə ilə bağlı ilk
çağırış edənlər arasında Azərbaycan dövləti də oldu. Dövlət başçısı
İlham Əliyev bu məsələ ilə bağlı bütün çıxışlarında bu çağırışı
etdi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal
yanaşma tələb edir. Azərbaycanın, Prezident İlham Əliyevin
təşəbbüsü ilə keçirilən Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə
görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası qlobal mübarizə
sahəsində səylərin birləşdirilməsinə, bu bəladan az itki ilə
çıxmağın yollarının araşdırılmasına xidmət etdi. Ölkəmizin bu
təşəbbüslərinə verilən dəstək təbii ki, beynəlxalq münasibətlər
sistemində artan nüfuzuna və çəkisinə söykənir. Bugünlərdə dövlət
başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri
çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi
informasiya vasitələrinin rəhbərləri ilə görüşündə, eyni zamanda,
BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin
artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik
müzakirələrində videoformatda təqdim olunan çıxışında pandemiya ilə
əlaqədar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə həyata
keçirilən tədbirlər geniş şəkildə təqdim olundu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, pandemiyaya qarşı mübarizə
tədbirlərinə başlandığı gündən Qoşulmama Hərəkatının təşəbbüsləri
diqqətdən kənarda qalmır: “Qurum əməkdaşlıq və həmrəylik ruhunda
geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər
edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan
qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli
sürmüşdür. 2020-ci ilin dekabrında dövlət başçısı İlham Əliyevin
təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə
mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə
ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş
Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə
mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə,
vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair
qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli
sürülmüşdür.”

YAP Xətai rayon təşkilatının sədri vurğlayıb ki, bu mübarizədə
hər bir dövlətin səhiyyə sistemi də əsas rol oynayır: “Yaranmış
vəziyyət ən inkişaf etmiş ölkələrin səhiyyəsinin pandemiyaya qarşı
mübarizəyə tam hazır olmadığını nümayiş etdirdi. Azərbaycanın bu
sahədə də təcrübəsi təqdir edilir. Belə ki, ilk gündən insanların
sağlamlığının prioritetliyi önə çəkilərək səhiyyənin
təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi,
peşəkar həkim heyətinin formalaşdırılması istiqamətində mühüm
addımlar atıldı. Xaricdən peşəkar həkim heyətinin mübarizəyə cəlb
edilməsi də ölkəmizdə insanların sağlamlığına, ümumilikdə insan
amlinə verilən yüksək dəyəri nümayiş etdirir. Hazırkı dövrün əsas
tələbi vaksinasiya prosesinin yüksək səviyyədə həyata
keçirilməsidir. Dövlət başçısı İlham Əliyevin qeyd olunan
videoformatda təqdim olunan çıxışında səsləndirdiyi rəqəmlərə
diqqət yetirək. Azərbaycan peyvəndlənmə kampaniyasına 2021-ci ilin
yanvarında başlayıb. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə
peyvəndin hər iki dozası vurulub. Həmrəylik əlaməti olaraq,
koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa
və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə
maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə
peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama
Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin
ianə edilməsi prosesi davam edir.”

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan COVID-19 peyvəndlərini
ianə edən ölkələrin səylərini alqışlayır və inkişaf etmiş
dövlətlərin ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd
dozalarını bölüşməyi fəal şəkildə təşviq edir. Prezident İlham
Əliyevin çıxışında da qeyd etdiyi kimi, bu kontekstdə Azərbaycan
bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər,
universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən
COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar
Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək
qiymətləndirir və dəstəkləyir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanın
sədrlik etdiyi Qoşulmama Hərəkatının pandemiyanın tezliklə aradan
qaldırılması ilə bağlı təşəbbüsləri davamlılığı ilə diqqət çəkir:
“Beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərin
birləşdirilməsi əsas amil kimi qeyd edilir. Bu fikir də xüsusi qeyd
olunur ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin, həmçinin bütün
dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin
gücləndirildiyi zamanlarda nümayiş etdirdikləri birlik, həmrəylik,
səylərin birləşdirilməsi postpandemiya dövründə də əsas
çağırışlardan olacaq.”

Vüqar Rəhimzadə qısa təhlil əsasında bu qənaətini açıqlayıb ki,
Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən
istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin
gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış
edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən
bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr
bunun bariz nümunəsidir.

YAP Xətai rayon təşkilatının sədri bu məqama da xüsusi diqqət
çəkib ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə
başlananda “COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir
cavab lazımdır” çağırış ediləndə BMT-nin bütün dünya dövlətlərinin
təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın
tapılmasında mərkəzi rol oynayacağına böyük əminlik var idi: “Amma
pandemiyanın ilk günləri göstərdi ki, BMT bu təhdidə qarşı
mübarizəni lazımi səviyyədə təşkil edə bilmir. Məhz Prezident İlham
Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama
Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və
aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla
demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz
Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada
BMT-nin fəaliyyətinə təkan verdi. BMT Baş Assambleyasının Xüsusi
Sessiyasının keçirilməsi pandemiyaya qarşı mübarizədə müstəsna
əhəmiyyət kəsb edərək bu istiqamətdə yeni bir mərhələnin
başlanmasına stimul verdi. Bu prosesdə BMT-dən sonra ikinci ən
böyük təsisat olan Qoşulmama Hərəkatının da rolu inkaredilməzdir.
Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik
edir. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, müzakirələrdə
dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi
çıxışı ölkəmizə, ölkə Prezidentinə etimadın və inamın göstəricisi,
Azərbaycanın sözünün, qəbul etdiyi qərarların, irəli sürdüyü
təşəbbüslərin nə qədər əhəmiyyətli olduğunu açıqlayır. Bu uğuru
ölkəmizə qazandıran düzgün müəyyənləşdirilən siyasət, qarşılıqlı
hörmət və ədalət prinsiplərinin qorunması, humanizmə verilən
dəyərdir.”

Teqlər: