Türkiyədə seçkilər təxirə salınır? – Həsən Oqtay

Türkiyədə seçkilər təxirə salınır? – Həsən Oqtay

6 fevralda meydana gələn zəlzələdən sonra Türkiyə bütün gündəmi bir kənara qoyaraq, bölgədəki fəlakəti vaxt itirmədən nəzarət altına almağa çalışır. On vilayəti, 100 min kvadrat km ərazini əhatə edən və 13,5 milyon insana təsir göstərən belə ağır fəlakətdə Türkiyə seçimi düşünəcək halda deyil. Fəqət çox çətin olsa da, həyat davam edir.

Bu sözləri AzerTimes-a Türkiyədə qarşıdan gələn seçkilərin təxirə salınma ehtimalı haqqında danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Professorun sözlərinə görə, təxirə salınma qərarını ancaq ümumi səsvermə ilə Türkiyə Böyük Millət Məclisi verə bilər:

“14 may olaraq təyin edilən seçki gününün 18 iyuna keçirilməsi (sonuncu Prezident seçkiləri 24 iyun 2018-ci ildə olub) ehtimalı daha çox ağlabatandır. Konstitusiyamıza görə, prezident seçkiləri yalnız müharibə halında təxirə salına bilər. Lakin təbii fəlakətlə əlaqədar TBMM-dəki bütün partiyaların birlikdə səs çoxluğu ilə belə bir qərarı qəbul etməsi bəlkə də mümkündür. Ancaq sözügedən qərar Yüksək Seçki Şurası və Konstitusiya Məhkəməsi tərəfindən də təsdiq olunmalıdır. Əlbəttə, qeyd etdiklərimiz sadəcə irəli sürdüyümüz ehtimallardır. Çünki ölkəmizdə ilk dəfədir ki, belə bir hal baş verir. Hökumət baxımından seçkilərin təxirə salınması bu fəlakəti nəzarətə götürmək, müxalifət üçün isə bu ab-havadan istifadə edib vəziyyəti öz xeyrinə çevirmək şansı kimi qiymətləndirilə bilər. Amma indi əsas məsələ zəlzələdə aldığımız ağır yaraların sağaldılmasıdır”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ötən ay Türkiyədə Prezident və millət vəkil seçkilərinin 14 mayda keçirilməsi qərarını verdiklərini, lakin yekun qərarı seçkidən 60 gün əvvəl, yəni 10 martda açıqlayacaqlarını bildirmişdi.

Teqlər: