Türkiyədə güneylilər molla rejimindən qorxur

Türkiyədə güneylilər molla rejimindən qorxur

Türkiyədə yüzə yaxın, dünyada isə 500-ə yaxın Azərbaycan Mədəniyyət Mərkəzi adıyla fəaliyət göstərən qurum mövcuddur. Türkiyədə “Azərbaycan” deyərkən Şimal Azərbaycanı başa düşürlər. Bütün fəaliyyətlərini də bu istiqamətdə aparırlar.

Bu sözləri AzerTimes-a yanvarın 13-ü fəaliyyətə başlayan Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçısı Camal Mehmetxanoğlu deyib.

O bildirib ki, Türkiyədə Güney azərbaycanlılar iranlı kimi tanınır:

“Ölkəmizdə bəziləri özlərini fars-molla rejiminin agentləri kimi aparır. Mollalardan qorxurlar, bu səbəbdən Güney Azərbaycanın adını ağızlarına belə almaqdan çəkinirlər. Baxmayaraq ki, Türkiyədə, yaxud xaricdə Güney Azərbaycanın tanınmış ziyalıları, elm və incəsənət adamları var. Bunların isə Azərbaycan mədəniyyət dərnəkləri ilə əlaqələri çox azdır. Mədəniyyət dərnəkləri onlarla maraqlanmır, yaxın durmurlar. İllərdir İzmirdə Azərbaycan mədəniyyətini yaşatmaq üçün mübarizə aparan biriyəm. Bu mübarizədə Azərbaycanı şimal və cənub olaraq bir bütün görmüşəm. Vaxtı ilə Təbriz, Urmiya, Borçalı, Naxçıvan gecələri keçirmişik. Eləcə də Şəhriyarın və Rəşid Behbudovun anma gecələrini təşkil etmişəm. İndi isə biz Güney azərbaycanlı sənətçi dostlarımızı bir araya gətirə bilən layihə həyata keçirmək niyyətindəyik. Önümüzdəki aylarda, təxminən mayın 28-də “Güney Azərbaycanın oskarları” adı ilə bir mükafatlandırma mərasimi həyata keçirməyi düşünürük. Mükafat Güney Azərbaycanı xaricdə təmsil edən elm, siyasət, incəsənət və ədəbiyyat sahəsində fəaliyyət göstərən şəxslərə təqdim olunacaq. Eləcə də Şimal Azərbaycandan olan və Güney Azərbaycan üçün can yandıran insanlar, məsələn, Flora xanım Kərimova kimi sənətçiləri ödülləndirmək niyyətindəyik. Toplantı İstanbulda baş tutacaq. Əsas məqsədimiz xaricdə yaşayan Güney azərbaycanlıları bir araya gətirməkdir. 10 nəfərlik bir qrupla çox önəmli planlarımız var. Dostların sayəsində uğur qazanacağımıza ümid edirəm”.

Teqlər: