Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshaq Hersoq arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bilbidiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı iki ölkə lideri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.
T.Ərdoğan israilli həmkarı ilə söhbətində Türkiyə ilə İsrail arasındakı əlaqələrin Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Türkiyə Prezidenti bildirib ki, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma əldə olunarsa, iki ölkə arasında fikir ayrılıqları minimuma endirilə bilər.
T. Ərdoğan regionda sülh, tolerantlıq və birgəyaşayış mədəniyyətinin bərpasının vacibliyini vurğulayıb və bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafının və tərəflər arasında sülh prosesinin bərpasının vacib olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasında təmasların və dialoqun davam etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir.