Türkiyə helikopter ixrac edən ölkəyə çevrilib – Ərdoğan

Türkiyə hakimiyyəti ölkənin dünyanın ən böyük on iqtisadiyyatı
sırasına daxil olmasına nail olmaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının
üzvləri ilə görüşündə deyib.

Dövlət başçısı Türkiyənin müdafiə sənayesindəki
müvəffəqiyyətindən də danışıb.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin müdafiə sənayesi
məhsullarına beynəlxalq bazarda da tələbat var.

O, xüsusilə Filippinə Türkiyə istehsalı olan “Atak” hücum
helikopterlərinin ixrac ediləcəyini bildirib.

Onun sözlərinə görə, ötən gün Türkiyənin nümayəndə heyəti hərbi
helikopterləri təhvil vermək üçün Filippinə gedib.

“Təsəvvür edin, indi biz helikopter ixrac edən ölkəyə
çevrilmişik”, – deyə R.T.Ərdoğan əlavə edib.