TRACECA nəqliyyat dəhlizinin inkişafı həm azərbaycanlı
daşıyıcılar, həm də Azərbaycanın tranzit potensialının inkişafı
üçün çox vacibdir.
Bunu Trend-ə
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA)
baş katibinin müavini Kənan Qurbanov deyib.
Onun sözlərinə görə, ABADA Rəqəmsal İnkişaf və Nəqliyyat
Agentliyi ilə sıx əməkdaşlıq edir, hesabatlar, beynəlxalq avtomobil
daşımaları barədə milli qanunvericiliyin təkmilləşdirilməsi üçün
tövsiyələr verir, eləcə də bu sahədə beynəlxalq təcrübəni
öyrənir.
“Ötən il assosiasiyamız və Rəqəmsal İnkişaf və Nəqliyyat
Agentliyi beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq
memorandumu imzalayıb. Memoranduma əsasən, biz beynəlxalq avtomobil
daşımalarında tətbiq olunan “İcazə blankları”nın, eləcə də
beynəlxalq nəqliyyat forumunun illik çoxtərəfli icazələrinin
bölüşdürülməsi ilə məşğul oluruq. Bu missiya assosiasiyamızın
nəzdində yaradılan komissiyaya tapşırılıb”, – deyə o bildirib.
K.Qurbanov qeyd edib ki, hazırda ABADA nəqliyyat sahəsinin
rəqəmsallaşdırılması üçün müxtəli platformalarda Azərbaycanın
səlahiyyətli orqanları ilə işləyir.
Onun sözlərinə görə, vahid elektron tranzit icazə sisteminin
yaradılacağı təqdirdə bu, Azərbaycanın qonşu ölkələrlə nəqliyyat
əlaqəsinin inkişafı üçün vacib vasitəyə çevrilə bilər.
(Tərcümə: Orxan Nəbiyev)