Hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)
hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət
edib.

BDYPİ-dən AzerTimes-a daxil olan müraciətdə deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata
əsasən, sabah səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit
keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal
edilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi verilən
xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək
qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət
edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti
qaydalarına riayət etməyi xahiş edir.

Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən
avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və
meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli
və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı,
nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı,
şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə
olmasına nəzarət etməlidirlər.

Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu
unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin
sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət
yetirməlidirlər.

Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə
avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün
ayrılmış piyada keçidlərindən keçməlidirlər”.

Teqlər: