Tokioda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)

Yaponiya-Azərbaycan Dostluq Mərkəzi tərəfindən paytaxt Tokioda
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi təşkil
olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə,
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə “Tokyo Camii
ve Diyanet Türk Kültür Mərkəzi”ndə təşkil edilən mərasimdə bu
ölkədə yaşayan soydaşlarımız, Azərbaycanın Yaponiyadakı səfiri
Gürsel İsmayılzadə, Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen,
digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri, müsəlman
icmasının üzvləri iştirak ediblər.

Mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
silahlıları tərəfindən törədilən Xocalı faciəsinin qurbanlarının
əziz xatirəsi yad edilib.

Türkiyə səfirliyinin müşaviri Məhəmməd Rəşid Alas bildirib ki,
Vətən müharibəsi zamanı Azərbaycan döyüş meydanında böyük zəfər
qazanmaqla şəhidlərin və Xocalı faciəsinin qurbanlarının qanlarının
yerdə qalmadığını sübut edib.

Sonra şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub,
dualar edilib və Cümə namazı qılınıb.

“Bu gün Xocalı qətliamında şəhid olan azərbaycanlı
qardaşlarımızı andıq. Dualarımız onlarladır. Tokiodakı məsciddə
Azərbaycan səfiri və səfirliyin nümayəndələri ilə birlikdə bu
mərasimə qatıldıq. Dünyanın bu qətliamı unutmaması, xatırlaması və
şəhidlərimizi anmağa davam etməsi çox önəmlidir”, – deyə mərasimdən
sonra jurnalistlərə müsahibəsində Türkiyənin Yaponiyadakı səfiri
Korkut Güngen bildirib.

Mərasim iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə hazırlanmış Xocalı soqırımı haqqında məlumatların
toplandığı QR-kodlu, Azərbaycanın Dövlət Bayrağının, yapon, ingilis
və Azərbaycan dillərində “Xocalıya ədalət!” sözlərinin yazıldığı
maskalar paylanıb.

Qeyd edək ki, Tokioda keçirilən 3 günlük məlumatlandırma
aksiyası zamanı Yaponiya-Azərbaycan Dostluq Mərkəzi bu maskaları
paytaxtın mərkəzi küçələrində yerli sakinlərə paylayıb və onların
diqqətini Xocalı soyqırımına cəlb edib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Teqlər: