Tokayev və Mirziyayev İlham Əliyevə zəng etdi

Tokayev və Mirziyayev İlham Əliyevə zəng etdi

15:27

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentin Mətbuat Xidməti yayıb.

Qasım-Jomart Tokayev Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona cansağlığı və ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Qazaxıstan Prezidenti qardaş Azərbaycan ilə dostluq və mehriban qonşuluq ruhunda əməkdaşlığın daha da inkişaf etdirilməsi kursuna qəti sadiqlik ifadə edib.

Söhbət zamanı Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının dinamik inkişafı qeyd olunub.

Dövlət başçıları qarşılıqlı ticari-iqtisadi və mədəni-humanitar fəaliyyətin dərinləşdirilməsinə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişini yüksək qiymətləndiriblər.

***

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şövkət Mirziyayev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, xalqımızın rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Özbəkistana bu il ərzində 3 səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu xüsusi qeyd edilib, görüşlər zamanı əldə olunmuş razılıqların həyata keçirilməsindən məmnunluq bildirilib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Teqlər: