Tibbi maskanın ləğvi yoluxma sayını artıra bilər? – AÇIQLAMA

Ölkəmizdə maska qadağasının yığışdırılması koronavirusa
yoluxanların sayını artırmayacaq.

Bunu Trend-in sualına cavab olaraq
infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda COVID-19-a yoluxanların sayı
azalıb.

“Bunun da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya
prosesinə ciddi yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin
sürətli getməsi qapanmaların açılmasına səbəb olur. Əsas
səbəblərdən biri də “omikron” ştammının yoluxduruculuq
qabiliyyətinin yüksək olmasıdır. Bu səbəbdən vətəndaşlarımızın
böyük əksəriyyəti virusa yoluxub. Bununla da kütləvi immunitet
formalaşıb. Bütün bunlara görə ölkəmizdə pandemiya ilə əlaqədar
qaqdağaların çoxu götürüldü. Maska qadağasının yığışdırılması da
buna sübutdur. Amma bu o demək deyil ki, maskalardan tamamilə
istifadəyə son qoymalıyıq. Qapalı yerlərdə maska taxılması tövsiyə
olunur”, – deyə o bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 2022-ci il
mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və
s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava
limanları ərazisində və Azərbaycan Respublikasında fəaliyyət
göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq
məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Teqlər: