“Teknofest”in Azərbaycanda keçirilməsi ölkədə innovasiya və texnologiyaların inkişafına əlavə təkan verəcək (FOTO)

Teknofest” Beynəlxalq aviasiya, kosmos və
texnologiya festivalının Azərbaycanda keçirilməsi ölkədə
innovasiyaların və texnologiyaların inkişafına əlavə təkan
verəcək.

Bunu Trend
müsahibəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər
Bayramov deyib.

Onun sözlərinə görə, sosialyönümlü texnologiyalar müsabiqəsi
üçün iştirakçıların qeydiyyatı fevralın sonunadək davam edəcək.

“Bu günədək müsabiqə çərçivəsində 90-a yaxın layihə qeydiyyatdan
keçib. Ümid edirik ki, fevralın 28-dək müsabiqədə layihələrin və
iştirakçıların sayı artacaq. Qeyd etmək lazımdır ki, hər komandaya
3-6 nəfər daxildir, bu isə o deməkdir ki, iştirakçıların sayı çox
olacaq”, – deyə A.Bayramov bildirib.

O xatırladıb ki, 2019-cu ildə Türkiyədə bu festivalın
iştirakçılarının sayı 1,7 milyon nəfərdən çox olub və bu tədbir
dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalına
çevrilib.

“Festivalın əsas məqsədləri gənclərin texnologiyalara və
innovasiyalara marağını artırmaq, onları texnoloji layihələr
yaratmağa həvəsləndirməkdir. Festivalın bugünkü iştirakçıları
innovasiyalar sahəsində sahibkar ola və hətta texnologiya istehsal
edən şirkətlər yarada bilərlər” – ASAN Xidmət sədrinin müşaviri
deyib.

O vurğulayıb ki, 2022-ci il mayın 26-dan mayın 29-dək “Teknofest” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda
keçiriləcək.

“”Teknofest” festivalının iştirakçılarının sayı ildən-ilə artır.
Festivalın ilk ilində iştirakçıların sayı 20 min, 2019-cu ildə 50
min, 2020-ci ildə 100 min, 2021-ci ildə isə 200 min nəfər olub.
Ümid edirəm ki, Azərbaycanda keçiriləcək festivalda da gənclərin
fəal iştirakı qeydə alınacaq. Azərbaycan və Türkiyə əhalisini
nəzərə alsaq, təbii ki, Türkiyədə əvvəlki illərdə qeydə alınan
göstəriciləri Azərbaycanla müqayisə etməyə dəyməz”, – A.Bayramov
bildirib.

Dövlət agentliyi sədrinin müşaviri, həmçinin bildirib ki,
Azərbaycanda keçirilən “Teknofest” aviasiya, kosmos və texnologiya
festivalının əsas təşkilatçısı Türkiyə Texnologiya Komandası
Fondunun (T3), Türkiyə Sənaye və Texnologiya Nazirliyinin və 60-dan
çox dövlət müəssisəsi, universiteti və özəl şirkətlərinin köməyi
ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

“Azərbaycanda müxtəlif istiqamətlər üzrə 10 müsabiqənin
keçirilməsi planlaşdırılır. Onların arasında agentliyimizin
tərəfdaşı olduğu sosialyönümlü texnologiyaların müsabiqəsini xüsusi
qeyd etmək istərdim. Bu müsabiqə cəmiyyət üçün faydalı layihələrin
yaradılmasına kömək edəcək, bunun üçün iştirakçılar texnoloji bilik
və təcrübələrini özlərinin sosial məsuliyyətlərini dərk etməklə
inteqrasiya edəcəklər. Bu müsabiqə üç alt kateqoriyadan ibarətdir: “GovTech” (hökumət sektorunda rəqəmsal texnologiyalar), sosial
texnologiyalar, sağlamlıq və ilkin tibbi yardım kateqoriyaları”, –
deyə o bildirib.

O əlavə edib ki, dövlət agentliyi lazımi infrastruktur və şərait
yaradır, həmçinin Azərbaycanın innovasiya ekosisteminin inkişafına
dəstək göstərir.

“İstənilən innovasiya və texnologiyanın yaradılması Azərbaycan
gəncllərinin təkcə texnologiya istifadəçisi deyil, həm də onun
yaradıcısı olmasını təmin etmək məqsədi daşıyır”, – A.Bayramov
vurğulayıb.

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiyaAgentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: