Hazırda “Teknofest” aerokosmik və texnologiya festivalı ilə
əlaqədar Bakıya gələn xarici qonaqlar əsasən şəhərin mərkəzində
yerləşən şəbəkə hotellərdə qalırlar.
Bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar
Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm
Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.
Onun sözlərinə görə, festivalda təxminən 1000 nəfərə yaxın
xarici qonaq iştirak edir.
“Xarici qonaqlar əsasən Bakının mərkəzində yerləşən hotellərdə
yerləşiblər. Hazırda mərkəzdə yerləşən hotellərin qonaqları çoxdur.
Ümumilikdə götürsək gələn qonaqların sayı hotellərin dolum faizinə
çox təsir etməyib. Belə festivallardan gələcəkdə turizm üçün də
istifadə etmək olar. Bu turizmə müsbət təsir göstərəcək”,- deyə o
bildirb.
Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.
Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.