DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Müstəqillik günü və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 28 May
Müstəqillik günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə
həsr edilmiş tədbir keçirilib.

Dövlət qurumlarının rəsmilərinin, QHT nümayəndələrinin, şəhid
ailələrinin, həmçinin Təhsil Nazirliyinin nəzdində fəaliyyət
göstərən internat məktəblərindən olan uşaqların da iştirak etdiyi
tədbirdə Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi
nümayiş olunub. Ekspozisiya ilə tanışlıqdan sonra tədbir
iştirakçılarına konsert proqramı təqdim edilib. Proqrama Mərkəzin
üzvlərindən ibarət kamera orkestrinin müşaiyəti ilə klassik musiqi
əsərləri, eləcə də müasir bəstəkarların yaradıcılığından nümunələr
və xalq mahnıları daxil edilib. Məlumat üçün bildirək ki, Təhsil
Nazirliyi ilə əməkdaşlıq çərçivəsində nitq məhdudiyyətli uşaqlar
Mərkəzdə rəqs və teatr təlimlərinə cəlb ediliblər. Onlara peşəkar
təlimçilərlə məşq ediblər. Tədbirdə nitq məhdudiyyətli
benefisiarların təqdimatında “Arşın mal alan” operettasından
səhnəcik və “Yallı” rəqsi ifa olunub.

Qeyd edək ki, Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il
tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun
qəbul edilib. Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü
haqqında” qanun həmin tarixdə təsdiqlənib. Bununla da 28 May –
Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı
dəyişdirilib. 28 may tarixi Müstəqillik Günü, oktyabrın 18-i isə
Müstəqilliyin Bərpası Günü elan edilib.
BMT Baş Assambleyası qərarına əsasən isə 1950-ci ildən etibarən hər
il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Bu məsələ BMT-nın 1989-cu il noyabrın 20-də qəbul etdiyi
Konvensiyada öz əksini tapıb. Uşaqların inkişaf, müdafiə,
iştirakçılıq və yaşamaq hüququnu təsbit edən bu sənəd dövlətlərin
üzərinə öhdəliklər qoyub. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları
haqqında” Qanun qəbul olunub. Bu Qanun həm konvensiyanın nəzərdə
tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması,
inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz
üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində
Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi
vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir. Prezident İlham
Əliyev uşaqlarla bağlı məsələyə hər zaman xüsusi diqqət və qayğı
ilə yanaşır. Birinci vitse-prezident Mehriban Əliyeva uşaq
hüquqlarının qorunması, onların həyat şəraitinin və sosial
rifahının yaxşılaşdırılmasına yönəldilən layihələrə xüsusi dəstək
verir. Azərbaycan hökuməti uşaq və gənclər siyasəti istiqamətində
layihələrin hazırlanması və icrasını təmin edir, bu səpkidə
müxtəlif tədbirlərin reallaşdırılmasına imkan yaradır. Mehriban
Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzi belə uğurlu layihələrdəndir . Mərkəzdə gün
ərzində 100-dən çox həssas təbəqədən olan uşaqlar müxtəlif
istiqamətlər üzrə təlimlər alır, cəmiyyətə inteqrasiya
edilirlər.

Bugünkü tədbirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
nəzdindəki sosial müəssisələrdən uşaqlar da cəlb olunublar. Məqsəd
onlara inklüzivliyi, bərabərliyi, istedadın sərhəd tanımadığını
aşılamaqdır. Nümayiş etdirilən ekspozisiya və konsert proqramı
Mərkəzin üzvlərinin istedadını göstərməklə yanaşı, onların mənəvi
dünyasına nəzər salmağa imkan yaradır. Hər bir əsər, hər bir iş
müəllifin yaradıcılıq təxəyyülünün ifadə tərzidir. Sərgidə
benefisiarların qısa müddətdə ərsəyə gətirdikləri bədii oyma,
floristika, keramika, təsviri incəsənət, denim art janrlarında
150-dən çox iş nümayiş olunur.

Məlumat üçün bildirək ki, ölkədə sosial təminat sistemi ilə
əhatə olunanların 600 minə qədəri uşaqlardır. Prezident İlham
Əliyevin uğurlu sosial siyasəti uşaqlara dövlət qayğısının
ildən-ilə artmasına, eyni zamanda müvafiq kateqoriyalardan olan
uşaqların sosial təminatının mütəmadi gücləndirilməsinə yol açır.
Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı reabilitasiya və sosial
xidmətlər sistemi də təkmilləşdirilərək genişləndirilir. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzi müasir
tələblərə uyğun qurulub, Birinci vitse-prezident Mehriban
Əliyevanın dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan
Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Heydər Əliyev
Fondunun müvafiq proqramı çərçivəsində Nazirliyin Sağlamlıq
imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində
nümunəvi yaşayış və reabilitasiya şəraiti təmin edilib. Son illərdə
baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik
yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya
Müəssisəsi istifadəyə verilib.

Teqlər: