TEKNOFEST festivalının Azərbaycanda keçirilməsi elm sahəsində texnologiyaların inkişafına təkan verəcək – Nazir

Azərbaycanda texnologiyaların və innovasiyaların inkişafına
təkan verən “TEKNOFEST”ə bənzər tədbirlər növbəti illərdə də davam
edəcək.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri
Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son dörd gün ərzində biz bu kimi
hadisələrin bütün fəaliyyət sahələrində texnologiyanın inkişafına
necə təkan verə biləcəyini gördük.

“TEKNOFEST Aerokosmik və Texnologiya Festivalının Azərbaycanda
keçirilməsi elm sahəsində texnologiyaların inkişafına təkan
verəcək”, – deyə nazir bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Teqlər: