“TEKNOFEST” festivalı həm müdafiə, həm kosmik texnologiyalarda bir yenilik yaradacaq – Türkiyəli tədqiqatçı

“TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda
keçirilir. Hər iki ölkə rəsmilərinin festivalda çıxışları zamanı
dilə gətirdikləri fikirlər Türkiyə-Azərbaycan qardaşlığının hər
sahədə olan əməkdaşlığının təzahürü oldu.

Bunu Trend-in
suallarını cavablandırarkən Şanxay Universiteti Qlobal İdarəetmə
Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan dövlət başçılarının “TEKNOFEST”də iştirakı 30 ildir davam edən iki ölkənin
münasibətlərinin illər keçdikcə inkişaf etdiyini, möhkəmləndiyini
sübut etdi.

“İkinci Qarabağ müharibəsindən sonra imzalanan Şuşa
bəyənnaməsində bir çox maddədə siyasi, iqtisadi, hərbi, texnologiya
sahəsində əməkdaşlıqların olacağını bilirdik. Bunun nəticəsi olaraq
“TEKNOFEST” festivalı həm müdafiə, həm kosmik texnologiyalarda bir
yenilik yaradacaq. Bu festival xüsusilə müdafiə sənayəsində iki
ölkənin ortaq şəkildə istehsal edəcəyi yeni texnologiyalar
olacağının müjdəçisi ola bilər. Düşünürəm ki, “TEKNOFEST” festivalı
iki ölkənin bu günə qədər davam edən siyasi, diplomatik
münasibətlərinin müdafiə sənayesi, hava qüvvələri texnologiyası
sahəsində davam etməsi üçün bir başlanğıc addım olacaq” – deyə o
bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: