TEKNOFEST AZƏRBAYCAN çərçivəsində “Sosial yönümlü texnologiyalar’” müsabiqəsinə start verildi

‘’TEKNOFEST’’ Aerokosmik və Texnologiyalar Festivalına hazırlıq çərçivəsində sosial innovasiya, GovTech, sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edən yeni bir yarışmaya qeydiyyat başlandı.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin may ayının 26-29 tarixlərində Bakıda ilk dəfə olaraq ‘’TEKNOFEST’’ Aerokosmik və Texnologiya festivalı keçiriləcək. Beynəlxalq brendə çevrilən ‘’TEKNOFEST’’-in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, sosial innovasiyalar, təhsil və s kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bakıda keçiriləcək maraqlı müsabiqələrdən biri də sosial yönümlü texnologiyalar kateqoriyasına həsr olunub. Müsabiqədə iştirak etmək istəyən namizədlər sosial innovasiya, GovTech, sağlamlıq və ilk yardım kateqoriyaları üzrə öz innovativ həll yollarını təqdim edə bilərlər.Bu sahələrdə innovasiya və texnologiyaları orjinal və milli resurslarla həyata keçirmək əsas hədəfdir.

Müsabiqə – sosial məsuliyyət çərçivəsində texnoloji bilik və təcrübələrin inteqrasiya edilərək cəmiyyət üçün faydalı ola biləcək layihələrin ərsəyə gətirilməsi məqsədini daşıyır. İnsanların sosial həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişaf ilə tətbiq olunacaq layihələrin hədəfində cəmiyyətə töhfə və səmərəlilik dayanır.

Müsabiqənin şərtlərinə əsasən Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr B kateqoriyası üzrə, fərdi iştirakçılar və onlardan ibarət komandalar isə С kateqoriyasını təmsil edərək yarışmada iştirak edə bilərlər.

Müsabiqədə iştirak edəcək komandalar layihənin inkişafına məsləhətçi (mentor) cəlb etməlidir. Məsləhətçi qismində çıxış edəcək şəxsin təsdiqedici sənədi layihənin təsviri ilə birlikdə sistemə yüklənilməlidir. Həmçinin, məsləhətçi komandanı finaladək dəstəkləməyə məsul olmalıdır.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir. Müraciətlər www.texnofest.az internet sistemi vasitəsi ilə qeydiyyata alınır.

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28


[email protected]

teknofest.az

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.