“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take Off Baku” beynəlxalq startap sammitinin iştirakçıları bəlli oldu

Azərbaycan da daxil olmaqla 8 ölkədən 50 startap “Take Off
Baku”da iştirak hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3
Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may
tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST
Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq
çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin
iştirakçıları təsdiqlənib.

Münsiflər heyəti müsabiqənin şərtlərinə əsasən MVP (alıcılar
tərəfindən alınan və alıcı rəylərinə əsasən təkmilləşdirilə bilən
məhsul) və hazır məhsula malik, o cümlədən satış həyata keçirən
komandalar arasından ən güclü 50 startapı müəyyən edib.

Qeyd edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq
tədbirdə iştirak üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan
təmsilçisidir.

İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5,
səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə
2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial
sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11
təkliflə beynəlxalq tədbirdə investorlar qarşısında təqdimatla
çıxış edəcəklər.

Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80 faizi proqram, 20
faizi isə aparat təminatına aiddir.

İştirakçı statusu əldə etmiş 50 startapa tədbirin rəsmi açılış
mərasiminə kimi beynəlxalq mentorlar tərəfindən “Marketdə düzgün
seqmentin seçilməsi”, “Müştəri yönümlü həllər”, “Pitçinq”,
“İnnovativlik və Səmərəlilik” və “Startap komandasının funksional
səriştəliliyi” mövzusunda 11 master klass təşkil olunacaq.

Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B
formatda görüşlər keçirmək, investorlarla görüşmək, sərgi və panel
müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

Yeni innovativ layihə və həll yolları təklif edən startapların
mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

Əlavə məlumat əldə etmək üçün:

+994 050 251 40 28


[email protected]

teknofest.az

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.