Tehranda Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün İranın paytaxtı Tehranda Azərbaycan səfirliyində Xocalı
soyqırımının 30 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, anım mərasimində çıxış edən
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib ki, Azərbaycana
qarşı həyata keçirdiyi təcavüz siyasəti çərçivəsində Ermənistan
tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə
cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq
hüququn ciddi şəkildə pozulmasıdır.

Səfirin sözlərinə görə, hazırda 17 dövlətin milli qanunvericilik
orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını
pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən
qətnamə və qərarlar qəbul edib. Eyni zamanda İslam Əməkdaşlıq
Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı
soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və
bəyanatlar qəbul edib.

Bildirilib ki, Xocalı soyqırımının törədilməsində iştirak etmiş
şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də
fərdi qaydada bu cinayətə görə məsuliyyət daşıyırlar.

“İnanırıq ki, Xocalı soyqırımının törədilməsində məsuliyyət
daşıyan şəxslər ədalət məhkəməsi qarşısına çıxarılacaq və onlar öz
layiqli cəzalarını alacaqlar”,- səfir qeyd edib.

Teqlər: