Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans keçirilir (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial
Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də
sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda
beynəlxalq konfrans başlayıb.

Tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və
Qırğızıstandan sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər
şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının
rəsmiləri, diplomatik korpus nümayəndələri, millət vəkilləri
iştirak edir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider
Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri
qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi yad olunub.

Tədbir Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə
videoçarxın nümayişi ilə başlayıb. Əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev son dörd ildə Azərbaycanda ölkə
əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat
paketi həyata keçirildiyini, bu paketlər üçün ayrılan əlavə illik
vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları
olduğunu bildirib.

S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3
dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70%, ümumi
sosial xərclərin 2,5 mlrd. manat artdığını diqqətə çatdırıb.
2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz,
orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz,
əmək haqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.

Bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30
faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir
göstərib. Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard
manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14
faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin
dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə
ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun
xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib.

S.Babayev Nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət,
300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə
ünvanlı dövlət sosial yardımı verildiyini deyib. Həmin yardımın hər
ailəyə düşən orta aylıq məbləğinin son 4 ildə 2,5 dəfə artaraq 380
manata çatdığını qeyd edib.

Nazir COVID-19 pandemiyası dövründə 4 istiqamət üzrə 12 sahə
üzrə icra olunan sosial dəstək paketinin ölkə əhalisinin 48 faizini
və ya 4,8 milyon nəfəri əhatə etdiyini diqqətə çatdırıb. Bildirib
ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin
sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki
göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi
7,2 faizdən 6 faizə enib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan
beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edib.
Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki
əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla
bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib,
onlara 50 minə yaxın sosial xidmət göstərilib.

S.Babayev DOST konsepsiyası və onun sosial xidmətlərdə vətəndaş
məmnunluğuna nail olunmasına şərait yaratdığı barədə məlumat verib.
Həmçinin Nazirliyin 174 xidmətindən 110-nun rəqəmsallaşdırıldığını,
46-sının hazırda proaktiv qaydada həyata keçirildiyini, bu ilin
sonuna kimi daha 50 xidmətin elektronlaşdırılacağını, Nazirlik üzrə
xidmətlərin 90%-nin e-platformaya keçirilməsinin hədəf olduğunu
vurğulayıb.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri
Almas Kurmanova videomüraciətində və Assosiasiyanın direktoru
Yevgeni Ametov çıxışında, həmçinin Beynəlxalq Sosial Təminat
Assosiasiyasının Baş katibi Marselo Abi-Ramia Cayetano
videoformatda salamlama nitqində sosial sahədə qarşıya çıxan yeni
çağırışlara uyğun sosial təminat islahatlarının zəruruliyini və bu
sahədə ölkələr arasında qarşılıqlı faydalı əmıəkdaşlığın
vacibliyini vurğulayiblar. Hazırkı konfransın da bu baxımdan
əhəmiyyətini qeyd ediblər.

Sonra DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov son illərdə
Azərbaycanda sosial müdafiə proqramları, sosial təminat sahəsində
aparılan islahatlara dair təqdimat edib. O, həmçinin sosial təminat
sahələri üzrə xidmətlərin elektronlaşdılması istiqamətində əldə
olunan nailiyyətlər, bu sahələrdə yaradılmış proaktiv xidmətlər,
Azərbaycanın sosial təminat sisteminin prioritet hədəfləri barədə
məlumat verib.

Konfransın gündəliyində Qazaxıstan, Moldova, Qırğızıstan,
Rusiya, Tacikistan, Özbəkistandan olan nümayəndələrin ölkələrində
sosial təminat, həmçinin sosial sığorta və pensiya təminatı
sahələrində aparılan islahatlara dair təqdimatları, müzakirələr və
təcrübə mübadilələri, habelə konfrans iştirakçılarına Beynəlxalq
Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanlarının
təqdim edilməsi də nəzərdə tutulub.

Teqlər: