TƏBİB-in fəaliyyəti yenidən təşkil olunur

TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata
keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin
və vəzifədən azad etdiyi sədrdən və digər 4 (dörd) üzvdən ibarət
Müşahidə Şurası yaradılır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq
fərman imzalayıb.

Fərmana əsasən, TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla),
Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan
Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar
İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə
Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor
və onun 3 (üç) müavini həyata keçirir.

TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan
tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti
TƏBİB həyata keçirir;

TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət
büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq
görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən
daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər
mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar
istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in
tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb
müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi
şəxsin təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir;

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in
tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli
əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin
Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən
tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.”;

Teqlər: