Tariximizə Zəfər salnaməsini yazan qalib Prezidentə xalqın sevgisi və etimadı şəksizdir – Vüqar Rəhimzadə

“11 aprel 2018-ci il prezident seçkilərindən 4 il ötür. Arxada
qalan hər gün, hər il Azərbaycanın tarixinə möhtəşəm səhifələr
yazır, gələcəyə daim inamla baxmağa əsas verir. 11 aprel 2018-ci il
prezident seçkiləri demokratiyanın təntənəsi olmaqla yanaşı,
xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını,
bu yolun Azərbaycana böyük uğurlar qazandırdığını bir daha
təsdiqlədi. Azərbaycanın bu illər ərzində ayrı-ayrı sahələrdə əldə
etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından,
siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir
Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Bu
gün Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Məhz
uğurlu siyasətin, ölkəmizdə xalq-Prezident birliyinin beynəlxalq
səviyyədə yüksək təqdir edilməsinin nəticəsidir ki, Azərbaycan
beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə,
xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşır.
Doğrudan da Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqilliyimizin
daimiliyini, Azərbaycanın imzasının imzalar arasında görünməsini
təmin edən Heydər Əliyev kimi Ümummilli Lideri, torpaqlarımızı
işğaldan azad edən, bu ərazilərdə 30 ildən sonra üçrəngli
bayrağımızın dalğalanması sevincini yaşadan İlham Əliyev kimi
Prezidenti vardır. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizə
qədər bütün çıxışlarının, bayram təbriklərinin mahiyyətində bu
istək, arzu dayanırdı ki, gün gələcək işğaldan azad edilmiş bütün
torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bu gün
hər bir Azərbaycan vətəndaşı qürurludur, torpaqlarımıza qovuşmağın
sevincini yaşayır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə 11 aprel
2018-ci il prezident seçkilərindən ötən dövr ərzində Azərbaycanın
keçdiyi inkişaf yolundan bəhs edərkən bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan bu 4 ildə iqtisadi
inkişafını daha da möhkəmləndirib: “Baxmayaraq ki, 2019-cu ilin
sonlarından dünyanı koronavirus infeksiyası cənginə alıb, dövlət
başçısı İlham Əliyevin istər ölkə daxilində, istərsə də beynəlxalq
səviyyədə koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi
tədbirlər, irəli sürdüyü təşəbbüslər nümunə göstərilir və yüksək
dəyərləndirilir. İnsanların sağlamlığı ilə yanaşı, iqtisadi
islahatların daha da dərinləşdirilməsinin, sosial layihələrin
təxirə salınmamasının vacibliyini bildirən Prezident İlham Əliyevin
Sərəncamı əsasında 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10
sosial yardım proqramı həyata keçirildi. Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi, insan amilinə verilən dəyər bütün
dövrlərdə öz aktuallığını qoruyub. Təkcə 2022-ci ilin ilk sosial
paketində əksini tapan Prezidentin Fərman və sərəncamlarına diqqət
yetirmək kifayətdir. Ümumilikdə, 2003-2018-ci illər ərzində
əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb.
Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb
və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43
Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir
ki, sosial siyasət daim diqqət mərkəzindədir.”

YAP Xətai rayon təşkilatının sədri hər bir ölkənin inkişafında
iqtisadi tərəqqinin rolunu önə çəkərək Azərbaycanın daim iqtisadi
tərəqqisi ilə dünyanın diqqətində olduğunu bildirib: “2018-ci ildə
enerji sektorunda qazanılan uğurlara nəzər salaq. 2018-ci ilin
mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında onun
əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında TAP
istifadəyə verilib. Hər bir layihə nəzərdə tutulan vaxtda tam başa
çatıb. İcra olunan layihələr bir daha bu reallığı təsdiqləyir ki,
Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olur. Prezident
İlham Əliyev davamlı olaraq iqtisadi inkişafı təmin edən
islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illərdə
ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb.
Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə
imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi
4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul
buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal
gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən
vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə
artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı
dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5
faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min
nəfər məcburi köçkün mənzillə təmin olunub.”

“2003-2018-ci illər, eyni zamanda, milli maraqların qorunmasına
xidmət edən strateji nailiyyətlər dövrüdür” söyləyən Vüqar
Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev milli ideya ətrafında
xalqı birləşdirib: “Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam
bərqərar olub. Məhz bu birliyin, həmrəyliyin bariz nümunəsi kimi
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı
tarixi Zəfərini qeyd edə bilərik. Dünyaya səs salan “Dəmir yumruq”
əməliyyatı gücümüzü, qüdrətimizi, həmçinin birliyimizi nümayiş
etdirdi. Azərbaycanın tolerant, mutikultural dəyərlərə böyük
töhfələr verən ölkə olması da tarixi Zəfərimizin təqdimatında
xüsusi önə çəkilir. Belə ki, ölkəmizdə yaşayan müxtəlif xalqların,
millətlərin nümayəndələri Vətən müharibəsinə qatılaraq Azərbaycanın
ərazi bütövlüyünün bərpasına öz dəstəklərini verdilər. Bu dəstəyi
yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev 2021-ci ilin
mayında Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı
ənənəsinə start veriləndə açılışın müxtəlif xalqların, millətlərin
musiqi yaradıcılığının təqdimatı ilə başlanması tapşırığını
vermişdir. Azərbaycan Qarabağın tacı Şuşadan bir daha tolerant,
multikultural ölkə olduğunu dünyaya çatdırdı.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyümüzün qarantı olan ordumuzun
qüdrətlənməsi istiqamətində görülən işlərdən də bəhs edib:
“Azərbaycanın tarixi Zəfəri Ordumuzun gücünün, qüdrətinin təqdimatı
oldu. Ötən dövr ərzində təchizat, silah-sursat, texnika ilə
təminat, döyüş qabiliyyətinin yüksək səviyyəyə qaldırılması
baxımından ordumuz dünyanın ən güclü orduları sırasına daxil olub.
2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun
gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və
aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün
regional layihələrdən təcrid olundu. Tarixi Zəfərimiz Azərbaycan
Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu nümayiş
etdirməklə yanaşı, ermənilərin illərdir yaratdıqları “məğlubedilməz
ölkə”, “güclü ordu” miflərini də darmadağın etdi.”

Vüqar Rəhimzadə vurğulayıb ki, 2003-2018-ci illər Azərbaycanın
xarici siyasət sahəsində qazandığı uğurları ilə də diqqətçəkəndir:
“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən
xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar
Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq
təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və
bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə
yanaşması üçün münbit şərait yaratmışdır. Dövlət başçısı İlham
Əliyevin 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən “Valday”
Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Ermənisanın baş
naziri Nikol Paşinyanın sərsəm fikirlərinə cavab olaraq
səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük
İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Həmin bəyanat
reallıqda öz əksini tapdı, Azərbaycan Ordusu möhkəm hüquqi bazaya
söykənərək döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz
çökdürdü.”

Vüqar Rəhimzadə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol
oynayan, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni
Azərbaycan Partiyasının Azərbaycanın uğurlarındakı payından,
rolundan da bəhs edib: “Partiyanın irəli sürdüyü hər bir təşəbbüs,
qəbul etdiyi hər bir qərar ölkəmizin qüdrətlənməsinə, insanların
sosial rifah halının yaxşılaşmasına xidmət edir. YAP, eyni zamanda,
yeniləşməyə, təkmilləşməyə böyük diqqət göstərir, həyata keçirilən
islahatlar prosesinə öz böyük töhfələrini verir. Partiyanın 2019-cu
ilin sonlarında Milli Məclisin buraxılması və növbədənkənar
parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də
ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin qanunverici
orqanda da öz əksini tapması istəyindən irəli gəlirdi. Məhz bu
təşəbbüsün nəticəsi olaraq 2020-ci il fevralın 9-da ölkəmizdə
növbədənkənar parlament seçkiləri keçirildi. Yeni Azərbaycan
Partiyasının tarixi Zəfərimizin reallıqlarına söykənərək keçirilən
VII qurultayı da qəbul etdiyi yeni qərarları ilə diqqət çəkdi. Yeni
qərarlar yeni hədəflər və onların uğurlu icrası deməkdir.”

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki,
uğurlarımızın əsasında idarəetmə sistemində təkmilləşmə xüsusi yer
tutur: “Dövlət başçısı İlham Əliyev bu məsələni daim diqqətdə
saxlayır. İşğaldan azad edilmiş ərazilərimizdə də müasir idarəetmə
sistemi yaradılır. Xalqımız tam əmindir ki, dövlət başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri
nəticəsində tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa və
quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımızın Böyük
Qayıdışı reallığa çevriləcək. Bundan sonra da Azərbaycan inkişaf
edəcək, bütün sahələrdə möhtəşəm uğurlara imza atacaq.”

Teqlər: