TAP ilə Avropaya nəql olunan Azərbaycan qazının həcmi 10 milyard kubmetrə çatıb

Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz
Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2020-ci
ilin dekabrında istifadəyə verilən TAP indiyə kimi Azərbaycan təbii
qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin
edib.

Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr
təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə
yetirir. Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi
ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya
gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur.
Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına
töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın
qaz bazarına inteqrasiyasını da möhkəmləndirir.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı
“Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən
də Avropaya daşıyan 3500 kilometr uzunluğundakı Cənub Qaz
Dəhlizinin tərkib hissəsidir. 878 kilometr uzunluğa malik TAP boru
kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması
perspektivləri isə növbəti mərhələdə Avropada Azərbaycan təbii
qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar
yaradır.

Teqlər: