Azad edilmiş ərazilərdə əlvan metal yataqlarının potensialının araşdırılması ilə bağlı işlər aparılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan
əlvan metal yataqlarının potensialının araşdırılması ilə bağlı
işlər aparılır.


Trend
-in məlumatına görə, bunu “AzerGold” QSC-nin sədr müavini
Xəyyam Fərzəliyev “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən
sənayesinin əsasları” kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, tədqiqat işləri “Tutxun” sahəsi və cinah
ərazilər – Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə
aparılır.

“Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji kəşfiyyat
proqramı çərçivəsidə süni peyklərdən alınan hiperspektral
görüntülərin işlənilir, müasir normalara cavab verən məsafədən
(qeyri-invaziv) tədqiqatlar yerinə yetirilir. Gələcəkdə buruq-qazma
və digər geoloji kəşfiyyat işlərinin icra edilməsi üçün sözügedən
ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq
təmizlənməlidir. Bu istiqamətdə də paralel olaraq, müvafiq qurumlar
tərəfindən zəruri addımlar atılır”, – X.Fərzəliyev vurğulayıb.

Sədr müavini əlavə edib ki, şirkət Azərbaycanın malik olduğu
zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa
çevrilməsi istiqamətində də əlaqədar dövlət qurumları ilə birgə iş
aparır.

“2018-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Milli Geoloji Kəşfiyyat Xidməti ilə birgə ölkə üzrə mövcud əlvan
metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsi
istiqamətində həyata keçirdiyi işlər buna əyani sübutdur. Sözügedən
layihənin məqsədi ölkə üzrə əlvan metal filizi yataqları haqqında
geoloji məlumatların düzgün təfsiri və öyrənilməsi, arxiv
məlumatlarının təsnifatlandırılması, geoloji məlumatların
beynəlxalq standartlara uyğun qaydada rəqəmsallaşdırılmasıdır.
Layihə çərçivəsində Sovet dövründə aparılmış geoloji kəşfiyyat
işləri barədə toplanılan məlumatlar – xəritə, mətn və qrafik
əlavələr elektronlaşdırılıb, beynəlxalq standartlara uyğun olaraq
hər bir yataq üzrə məlumat bazası yaradılıb. Görülən işlər ölkədə
əlvan metal resurslarının mədənlər üzrə əhəmiyyətlilik və
səmərəlilik dərəcəsinin müəyyənləşdirilməsinə imkan verəcək.
Həmçinin geoloji məlumatların rəqəmsallaşdırılması respublika üzrə
əlvan metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini
artıracaq” – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)