Taksi sürücüləri bundan sonra nə etməli olacaq ?

Taksi sürücüləri bundan sonra nə etməli olacaq ?

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ-nin 27 mart 2024-cü il tarixli QƏRAR-ı ilə

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair” TƏLƏBLƏR-ə əsasən 1 iyul tarixindən əvvəl və sonra taksi fəaliyyətindəki nəzərdə tutulan dəyişiklikləri diqqətinizə çatdırırıq:

1 İyul tarixindən öncə:

Sürücülərin Buraxılış vəsiqəsi (sürücülər üçün) – 125 AZN və onun əlavəsi olan Buraxılış kartı (avtomobillər üçün) – 25 AZN əldə etmək üçün müraciət edəcəkləri AYNA elektron portalı istifadəyə verilib. Sürücülər https://e-xidmet.ayna.gov.az/ saytında “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət” bölməsinə daxil olaraq Buraxılış vəsiqəsi və Buraxılış kartı üçün müraciət edə bilərlər.

1 iyul tarixinə qədər sürücülərə Buraxılış vəsiqəsi 7 il, avtomobillərin Buraxılış kartı isə avtomobilin istehsal ilinə uyğun olaraq 1 ildən 7 ilədək müddətə veriləcək.

İstənilən sürücü Buraxılış vəsiqəsi üçün müraciət edə bilər.

Sürücülər istehsal müddəti 14 ildən köhnə olmayan taksi fəaliyyət üçün uyğun olan istənilən avtomobilə Buraxılış kartı almaq üçün müraciət edə bilərlər. Bu zaman avtomobilə veriləcək icazə müddəti ilə avtomobilin yaşının cəmi 15-dən çox ola bilməz. Məsələn, sürücü 2010-cu ildə istehsal olunan avtomobilə 1 illik müddətə Buraxılış kartı ala biləcək. Qeyd: 2009-cu il istehsalı olan avtomobilə Buraxılış kartı 31.12.2024-cü il tarixinədək veriləcək.

İstehsal ili 14 ildən köhnə olmayan taksi fəaliyyətinə uyğun olan istənilən rəngdə avtomobilin taksi fəaliyyətinə Buraxılış vəsiqəsi və Buraxılış kartı əldə olunmaqla o halda icazə verilir ki, avtomobil 1 iyul tarixindən öncə ölkəyə idxal olunmuş olsun və ya ölkə ərazisində istehsal olunsun/yığılsın.

1 İyul tarixindən sonra:

Taksi fəaliyyəti göstərmək üçün ölkəyə gətirilən, ölkə daxilində istehsal olunan/yığılan avtomobillər ağ və ya qırmızı rəngdə olmalıdırlar.

Taksi fəaliyyətində istifadə olunan avtomobillərin ekoloji standartı “Euro-5” olmalıdır.

Sürücülər yalnız istehsal ili 8 il və daha yeni olan avtomobillərə Buraxılış kartı üçün müraciət edə bilərlər. Həmin avtomobillərə Buraxılış kartı 7 il müddətinə veriləcək.

Əlavə olaraq:

Buraxılış vəsiqəsi və Buraxılış kartını ala bilmək üçün sürücülər mütləq Sürücü Təlimi Sertifikatı və VÖEN-i (vasitəçi taksi proqramı şirkətlərinə) təqdim etməlidirlər.

Texniki müayinə üçün servislə müqavilə və sürücülərin müayinəsi üçün tibb mərkəzi ilə müqavilə mütləqdir.