Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı dünyanın hər yerindən qonaqları bir araya toplayıb – Stalik Xankişiyev (FOTO)

Şuşa. Trend:

Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalı dünyanın hər
yerindən qonaqları bir araya toplayıb.

Bunu AzerTimes-a tanınmış rusiyalı kulinar, teleaparıcı və
videobloger, Özbək və Azərbaycan mətbəxlərinə həsr edilmiş bir sıra
kitabların müəllifi Stalik Xankişiyev deyib.

“Bütün əcnəbi qonaqları əvvəlcə Bakı valeh etdi, lakin biz
erməni işğalından azad edilmiş ərazilərə gələndən sonra mən onlara
burada baş verənləri danışıb izah etməli oldum. Şuşa şəhərinin
qədim tarixindən, işğaldan azad edilməsindən danışdım və mənim
sözlərim qonaqlar tərəfindən alqışlarla qarşılandı. Onlar
azərbaycanlıların necə xalq olduğunu, burada necə mətbəxin olduğunu
gördülər! Bildiyiniz kimi, mən Özbəkistanda anadan olmuşam və bir
vaxtlar ulu həmyerlim Əmir Teymur böyük binalar tikdirirdi, onun
ətrafı da soruşurdu ki, biz nə üçün böyük vəsait tələb edən belə
binalar tikməliyik. O isə cavabında bildirirdi ki, qoy başqa
ölkələrdən gəlsinlər və bizim necə insanlar olduğumuzu görsünlər.
Obrazlı ifadə edərək demək istəyirəm – qoy başqa ölkələrdən
gəlsinlər, Azərbaycan yeməklərini dadsınlar və burada necə
istedadlı və xeyirxah, cəsur və mehriban insanların yaşadığını
öyrənsinlər”, – deyə Şuşada öz kitablarını təqdim edən, ustad
dərsləri verən və özbək mətbəxindən yeməklər bişirən Stalik
Xankişiyev bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.

Teqlər: