Veteranlarla görüş keçirilib (FOTO)

Mayın 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin
Heydərovun tapşırığı ilə İkinci Dünya müharibəsində qələbənin 77-ci
ildönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub.

FHN-dən AzerTimes-a bildirilib ki, təşkilatın rəhbəri Fatma
Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş
idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm
üzərində Qələbə Günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar
Nazirliyi adından əklil və Təşkilatın üzvü olan veteranlara bayram
sovqatı təqdim edib.

Baş idarə rəisi tarixi Qələbənin qazanılmasında Azərbaycanın
igid oğul və qızlarının layiqli töhfəsindən, milli Azərbaycan
diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından,
veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və
böyük fədakarlıq göstərmələrindən böyük məmnunluq hissilə
danışıb.

N.Zamanov xüsusi vurğulayıb ki, artıq ikinci ildir bu bayramı 44
günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Ermənistan
üzərində qazanılmış parlaq Zəfərin yaratdığı sonsuz sevinc və qürur
hissilə qarşılayırıq. Dövlətçiliyimizin ən şərəfli səhifəsi olan
tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə işğal
altında saxladığı əzəli torpaqlarımızı işğaldan azad etdi, ərazi
bütövlüyümüz bərpa olundu.

N.Zamanov veteranlarımızın bu gün də müstəqil Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini,
gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş
ruhunun daim yüksək saxlanılmasında səylərini əsirgəməməsini qeyd
edib, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt
yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaətini gənc nəsil üçün
əsl vətənpərvərlik nümunəsi adlandırıb.

Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin
və şərəfli tarixə malik olan Azərbaycan xalqının İkinci Dünya
müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini
vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva
tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa
cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət və qayğı
göstərildiyini razılıq hissilə dilə gətirib.

Teqlər: